Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) yeni silsilə təlimlərə start verib. İlk təlim fevralın 8-də “Microsoft Teams”proqramında baş tutub.
Tədbirdə çıxış edən ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva bildirib ki, universitet məlumat bazaları, elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi və sair kimi mövzularda iştirakçılara daha geniş bilgilər vermək məqsədiylə təlimlərə başlayır. Bu təlim silsilə xarakteri daşıyır və yaxın gələcəkdə daha geniş mövzularda davam etdiriləcək.
Daha sonra “İndeksləşən məlumat bazaları və elmi məqalələrə qoyulan tələblər” mövzusunda tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi çıxış edib. O, təlim iştirakçılarına indeksləşən və arxivləşən məlumat bazaları, ödənişli və ödənişsiz məlumat bazaları, elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi, metriks ölçülər və reytinqlərin hesablanması, akademik profillərin yaradılması, elmi məqalələrin format və sair mövzularda geniş məlumat verib.