Noyabrın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.
Universitet rəhbərliyi, professor-müəllim heyəti, ADMİU-nun qazi və müharibə iştirakçısı məzun-tələbələri, mətbuat nümayəndələrinin iştirak etdiyi tədbir ADMİU-nun xor kollektivi tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbiri giriş sözüylə açıq elan edib. O, çıxışında bildirib ki, artıq iki ildir Azərbaycan böyük qələbə ilə 30 ilə yaxın Qarabağ həsrətinə son qoyub. Bu qələbə təkcə işğal altında olan torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətinin, siyasətinin və ordusunun gücünün bütün dünyaya isbatı oldu.
Rektor 44 günlük Vətən müharibəsində ADMİU-nun da 50-dən çox tələbə, məzun və əməkdaşının iştirak etdiyini, onlardan 3-nün şəhidlik zirvəsinə yüksəldiyini xatırladıb və bildirib ki, universitet olaraq həm şəhidlərimizin ailələri, həm də qazilərimiz və müharibə iştirakçılarımız hər zaman diqqətimizdədir. Onların gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olduğunu qeyd edən C.Mahmudova məhz bu cür igidlərimiz sayəsində zəfərimizin əbədi olacağına inandığını bildirib.
Tədbirdə ADMİU-nun dosenti, Əməkdar artist Ağalar Bayramov və Teatr sənəti fakültəsinin tələbələrinin ifasında vətən və qələbə mövzulu şeirlər səsləndirilib.
Xor kollektivi V.Adıgözəlovun “Gözəl Şuşa”, F.Əmirovun “Azərbaycan elləri” mahnılarını, ADMİU-nun orkestri isə vətənpərvərlik ruhlu musiqilər səsləndiriblər.