SOSİAL İŞ İXTİSASI TƏLƏBƏLƏRİNİN DEBATI KEÇİRİLİB
SOSİAL İŞ İXTİSASI TƏLƏBƏLƏRİNİN DEBATI KEÇİRİLİB
04.12.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan tələbələri arasında “Ahıl şəxslərin ahıllar evinə yerləşdirilməsi və yerləşdirilməməsi” mövzusunda “DOSTLUQ DEBATI” baş tutub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutan tədbiri giriş sözü ilə açan ADMİU-nun prorektoru Sədaqət xanım Əliyeva və ADMİU-nun müəllimi Ayxan Qəhrəmanov tələbələri və münsifləri debatın mövzusu və qaydaları ilə tanış edərək, Dostluq Debatını açıq elan ediblər.
Sonra söz spikerlərə verilib. Debatda hər iki universitetdən ayrılıqda 10 debatçı və 3 spiker çıxış edib. 1-ci spikerlər ümumi ahıllıq və Azərbaycanda ahıl şəxslərin vəziyyətləri haqqında məlumat veriblər. 2-ci spikerlər arqumentlər gətirərək digər qrupun fikirlərini təkzib etməyə çalışıb və nəhayət 3-cü spikerlər problemlə bağlı real həll yolları təklif ediblər.
Sonda münsiflərə söz verilib, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Tünzalə xanım Verdiyeva, məsələnin aktuallığını və sosial rifah cəmiyyəti qurmağımızın vacibliyi vurğulayaraq, ADMİU-nun tələbələrini və müəllimlərini yeni bir debat üçün Azərbaycan Universitetinə dəvət edib. Sosial mədəni fəaliyyət kafedrasının müdiri Mübariz Süleymanlı çıxış edərək milli dəyərlərimizi qorumaq və eyni zamanda müasir yanaşmaları tətbiq etməyin vacibliyini vurğulayıb. ADMİU-nun prorektoru Sədaqət xanım Əliyeva hər iki komandanın çıxışını yüksək dəyərləndirmiş və belə debatları Sosial iş ixtisası istiqamətində ənənəyə çevirilməsinin əhəmiyyətini qeyd edib.
Sonda hər iki komandaya hədiyyələr təqdim edilmiş, “DOSTLUQ DEBATI” hər iki komandanın qalibiyyəti ilə və belə debatların yenidən fərqli mövzularda təşkili təklifi ilə bitib.