“SOSİAL RİFAHIMIZ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏR ZİYARƏT EDİLİB
“SOSİAL RİFAHIMIZ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏR ZİYARƏT EDİLİB
17.12.2022
Dekabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzini ziyarət ediblər.
Sosial Xidmətlər Agentliyi ilə ADMİU arasında imzalanmış Memoranduma əsasən keçirilən “Sosial rifahımız” layihəsi çərçivəsində ADMİU-nun layihə rəhbəri, “Sosial-mədəni fəaliyyət” kafedrasının müəllimi Ülkər Rzayeva və sosial iş ixtisasında təhsil alan ikinci kurs tələbələri Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, əlilliyi olan şəxslər üçün yaradılmış xidmətlər haqqında məlumatlandırılıblar.
Təhsil müəssisəsinin müəllim və tələbə heyətinə Peşə-Əmək Reabilitasiyası Mərkəzinin fəaliyyəti barədə məlumat verən mərkəz əməkdaşları tələbələrin əlilliyi olan şəxslərin sosial problemləri və onların həlli yolları ilə bağlı suallarını da cavablandırıb.
Qeyd edək ki, “Sosial rifahımız” layihəsi “Sosial-mədəni fəaliyyət” kafedrasının və ADMİU Tələbə Gənclər Təşkilatının (ADMİU TGT) təşkilatçılığı ilə tələbələrin sosial baxımdan həssas təbəqələrə aid şəxslərlə mütamadi görüş əsnasında rifahlarının yaxşılaşdırılması üçün vacib amillərin öyrənilməsi, həmçinin, nəzəri biliklərinin praktikada tətbiqi məqsədilə həyata keçirilir.