149 il öncə-1873-cü ilin 10 mart tarixində Azərbaycanda ilk peşəkar teatrın əsası qoyulub. Həmin gün görkəmli ictimai xadim Həsən bəy Zərdabi və onun tələbəsi, dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası Bakıda realnı məktəbin tələbələri tərəfindən nümayiş olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il mart ayının 10-u Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlayıb.
Martın 10-da Azərbaycanda Milli Teatr Günü münasibətiylə keçirilən tədbirlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də yaxından iştirak etdi. Onlardan biri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart Milli Teatr Günü münasibəti ilə reallaşan “Hər yerdə teatr” adlı maraqlı layihə idi. Teatr sənətçilərinin peşə bayramı münasibəti ilə həyata keçirilən layihə 10 Mart Milli Teatr Gününün daha geniş və müxtəlif tərkibli auditoriyaya çatdırılmasını hədəfləyirdi.
Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Gənclik Mall və Bakı Metropoliteni QSC-dir.
Ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliğini əsas məqsəd kimi qarşıya qoyan layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metrostansiyasında və Gənclik Mall ticarət və əyləncə mərkəzində teatrların iştirakı ilə tədbir təşkil olunub. “İçərişəhər” metrostansiyasının vestibülündə, “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən vaqonun içində və Gənclik Mall-da nümayiş olunan səhnəciklər şəhər sakinləri üçün əsl teatr bayramı yaşadıb.
Tədbirdə Mari Band qrupunun performansı, Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib.
“Hər yerdə teatr” layihəsi sosial şəbəkələrdə geniş rezonans doğurdu. Layihə nəticəsində sosial şəbəkələrdə #həryerdəteatr və #MilliTeatrGünü həşteqləri ilə çoxlu paylaşımlar edildi.