Martın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin müəllimlərinin yaradıcılıq işlərindən ibarət ənənəvi “Bahar” rəsm sərgisi açılıb. ADMİU rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri sərgi Novruz bayramına və yaz fəslinin gəlişinə həsr olunub.
Tədbiri giriş sözüylə açan ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva qonaqları salamlayaraq sərginin önəmindən danışıb: “Bütün fəsillər kimi yaz fəslinin də özünəməxsus gözəlliyi, şuxluğu var. Yaz təbiətin oyanışı, torpağın bərəkətləndiyi aydır. Novruz bayramı ərəfəsində Rəssamlıq fakültəsinin müəllimlərinin çəkdiyi bu gözəl rəsmlər onların yaradıcılıq şövqündən, ruhlarındakı gənclik enerjisindən xəbər verir. Bu gün tələbələr öz müəllimlərinin əl işlərinə baxırlar, ümid edirik ki, gələcəkdə bu mövzuda tələbələrimizin də sərgisini keçirəcəyik”.
Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva çıxış edərək yaradılan şərait üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra ADMİU-nun prorektorları Nigar Rüstəmova, Gülşən Əliyeva-Kəngərli, universitetin rektorunun müşaviri Sevil Kərimova, Rəssamlıq fakültəsi "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müdiri, dosent Aslan Xəlilov və başqaları çıxış edərək “Bahar” sərgisində nümayiş olunan əsərlərin məziyyətlərindən danışıb, müəllifləri təbrik ediblər.
Sonda iştirakçılar sərgiylə tanış olublar.