Martın 30-da Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş layihə çərçivəsində Yunanıstanın Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos və səfirin köməkçisi, fotoqraf, tərcüməçi Aydın Sadıxov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olublar. Görüşdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli, ADMİU-nun rektorunun müşaviri Sevil Kərimova və ADMİU-nun beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Məsturə Quliyev iştirak ediblər.
Qonaqları salamlayan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, Müstəqilliyimizin bərpasından sonra Azərbaycanı tanıyan ilk ölkələrdən biri Yunanıstandır. Azərbaycanla Yunanıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində yaradılıb. Yunanıstanın Azərbaycandakı səfirliyi 1993-cü il mayın 27-də, Azərbaycanın Yunanıstandakı səfirliyi isə 2004-cü il aprelin 16-da fəaliyyətə başlayıb.
İki ölkə arasında iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, nəqliyyat, investisiyaların qorunması, gömrük sahələrində ümimilikdə 18 saziş imzalanıb, “Qala” Azərbaycan-Yunanıstan dostluq cəmiyyəti fəaliyyət göstərir. Rektor səfir Nikolaos Piperiqkosun mədəniyyət və təhsil sahələrindəki aktiv fəaliyyətini təqdir edib və dost səfirliklə gələcəkdə yeni layihələrin müzakirəsindən məmnunluq duyduğunu bildirib.
Nikolaos Piperiqkos öz növbəsində dəvət və xoş münasibət üçün rektor C.Mahmudovaya və görüş iştirakçılarına öz təşəkkürünü bildirib, universitetlə birgə mədəni layihələrin icrasında hər cür dəstəyə hazır olduğunu deyib.
Görüşdə birgə layihənin aprelin II dekadasında keçirilməsi qərara alınıb. Bu layihəyə sərgilər, dəfilə, tamaşalar daxildir.
Görüşün sonunda rektor C.Mahmudova səfirə görkəmli sənətkar, Xalq rəssamı Tahir Salahov haqqında nəfis tərtibatda çap olunmuş kitab hədiyyə edib.