Aprelin 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının baş müəllimi Fəxrəddin Qəhrəmanlının 65 illik yubileyinə həsr olunmuş “65-ci Bahar” adlı fərdi yaradıcılıq sərgisi keçirilib. Sərgidə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış rəssamlar, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova müəllifi yeni sərgisi münasibətiylə təbrik edib, onun haqqında xoş fikirlərini bölüşüb. Bildirib ki, F.Qəhrəmanlı həm bir müəllim, həm də insan kimi bütün kollektivin sevgisini və hörmətini qazanıb: “Onun necə bir şəxsiyyət olduğunu bilmək üçün əsərlərinə baxmaq kifayətdir. Biz bu yaxınlarda Şəhid Ailələri, Əlillər Və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin əməkdaşları ilə görüş əsnasında öyrəndik ki, Fəxrəddin müəllim öz təşəbbüsüylə şəhidlərimizin portretini çəkib onların ailələrinə təqdim edir. Bu münasibətlə Birlik Fəxrəddin müəllimi mükafatlandırdı. O, bu nəcib işlərini təvazökarcasına hər birimizdən gizlədib. Bu da onun vətənpərvərliyindən və ən yüksək insani keyfiyyətlərindən xəbər verir. Onu bütün kollektiv adından təbrik edir, can sağlığı və yaradıcılıq uğurları diləyirik”.
Xalq rəssamı Xanlar Əhmədov çıxışında F.Qəhrəmanlı ilə tanışlığından danışıb, onun əsərlərinin bədii xüsusiyyətlərindən bəhs edib. O bildirib ki, F.Qəhrəmanlının bir əsərindən digərinə keçiddə artıq inkişaf və uğur özünü göstərir.
Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyadxan Əliyev müəllifi sənətşünasların adından təbrik edib və onun yaradıcılığından danışaraq deyib ki, o, öz əsərləriylə sənətdə iz qoymağı bacaran sənətkardır.
“F.Qəhrəmanlının əsərləri tələbələri üçün ən gözəl nümunədir”-deyən Xalq rəssamı Arif Əziz bu əsərlərin hamısında onun özünün olduğunu vurğulayıb.
Daha sonra çıxış edən AMEA-nın Təsviri sənət şöbəsinin dosenti Səyad Bayramov, Əməkdar rəssam Həmzə Abdullayev, ADMİU-nun kafedra müdiri, Əməkdar rəssam Rəşad Cabarov və başqaları F.Qəhrəmanlını yubileyi və yeni sərgisi münasibətiylə təbrik edib, ona uğurlar arzulayıblar.
Müəllif F.Qəhrəmanlı başda rektor C.Mahmudova olmaqla, sərginin keçirilməsində zəhməti olan hər kəsə və çıxışçılara öz təşəkkürünü bildirib.
Sonda iştirakçılar sərgiylə tanış olublar. Sərgidə müəllifin yağlı boya və sulu boya ilə işlənmiş 25-ə qədər müxtəlif mövzularda əsərləri təqdim olunub.