Aprelin 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. “Paralel dünyalar” layihəsi çərçivəsində keçirilən tədbir “Ağ maralın izi ilə” adlandırılıb.
Tədbirdə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və səfirlik əməkdaşları, universitet rəhbərliyi, professor-müəllim kollektivi, tələbə heyəti və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, ölkənin aparıcı və qocaman bədii ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin (2023) qeyd olunması kontekstində, “99+1” proqramı çərçivəsində “Paralel dünyalar” layihəsinin ilk mərhələsi təqdim olunur. Layihənin məqsədi xarici ölkələrin səfirlikləri ilə ortaq tədbirlərin keçirilməsidir.
Qeyd olunub ki, Azərbaycanın dünyaya inteqrasiyasını, dünya ölkələri ilə olan qarşılıqlı tarixi-mədəni münasibətlərinin bədii interpretasiyasını, mövcud vizual stereotipləri açıqlayan layihə Universitetin təhsil və bədii yaradıcılıq müstəvisində mübadiləni gücləndirməyə yönəlib. Hazırkı tarixi məqamda, 2022-ci ildə Azərbaycan bir sıra ölkələrlə diplomatik münasibətlərinin qurulmasının 30 illik ildönümlərini qeyd edir. Ölkəmizdə fəaliyyətdə olan səfirliklərin və ADMİU-nun tələbələrinin ortaq tədbirləri vasitəsi ilə hər iki yubileyi qeyd etmək, davamlı və dayanıqlı əməkdaşlıq formalaşdırmaqdır.
Bildirilib ki, “Paralel dünyalar”ın ilk tədbiri Azərbaycan-Macarıstan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunub. Macarıstan Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci il tanımış, 1992-ci ilin payızında isə ölkələr arasında diplomatik münasibətlər qurulmuşdur. Bu illər ərzində ikitərəfli dostluq və əməkdaşlıq münasibətləri rəsmi səfərlər və razılaşmalarla yanaşı, dərin tarixi-mədəni köklərə əsaslanan xalq diplomatiyası zəminində də özünəməxsus tərzdə inkişaf etmişdir. Mədəni əlaqələr çərçivəsində ədəbiyyat, musiqi, teatr, kino və təsviri sənət, təhsil sahəsində əməkdaşlıq, Şuşa və Dyöndyöşun qardaş şəhərlər elan edilməsi ilhamverici fəaliyyətlərdir.
Rektor C.Mahmudova çıxışında Macarıstan universitetləriylə ADMİU-nun qarşılıqlı əməkdaşlığının perspektivlərini də vurğulayıb.
Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi çıxışında bildirib ki, iki ölkənin əlaqələri ta qədim zamanlara dayanır. Səkkiz ildir ki, ölkələrimiz arasında strateji əməkdaşlıq da formalaşıb. Səfir ADMİU-nun bu təşəbbüsünü çox yüksək qiymətləndirdiyini bildirib və tədbirdə zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib.
Lahihənin rəhbəri ADMİU-nun Rektor müşaviri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxışında qeyd edib ki, universitet hər zaman müxtəlif ölkələrin səfirlikləriylə sıx əməkdaşlıq içərisində olub. “Paralel dünyalar” layihəsi çərçivəsində keçiriləcək tədbirlərin formatı isə hər iki tərəfin bədii fəaliyyətini vurğulayır. Universitetimizin universallığını nəzərə alaraq, burada bütün fakültələrin cəlb edilməsi zəruridir. İlkin mərhələdə layihə çərçivəsində Macarıstan, Yunanıstan, İtaliya, İspaniya, Meksikanın Azərbaycan Respublikasındakı səfirliklərinin iştirakı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyətinin fərqli bədii istiqamətli tədbirləri təşkil olunur. Tədbirlərin məzmunu seçilən ölkələrin tarixi, mədəniyyəti və incəsənətinin təqdimatının fərdi bədii interpretasiya formatında işlənməsidir. 2023-cü il üçün isə layihənin davamı nəzərdə tutulur.
S.Kərimova Macarıstanla əlaqələrə həsr olunmuş tədbir haqda danışarkən bildirib ki, məhz bu müstəvidə formalaşan bədii obrazlar bugünkü tədbirin əsas seqmetləridir. “Ağ maralın izi ilə” konsepti dərin köklərə əsaslanan qədim simvolun hər iki milli mədəniyyətdə tutduğu yeri, onun törətdiyi mənəvi dəyərlər sisteminin oxşar və fərqli xüsusiyyətlərini yaradıcı təfəkküründə əks edir. Layihənin proqramında əfsanəvi Maralın obrazında bir neçə xətt kəsişir.
Daha sonra Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil üzrə diplomatı, layihənin koordinatoru Mihay Qruber “Şəhər əfsanələri” mühazirəsi ilə çıxış edib. O, mühazirədə Budapeştin tanınan, maraqlı abidələrinin mifoloji aspektini izah edib.
Fotoqraf və səyyah, layihənin koordinatoru Aydın Sadıxovun təqdim etdiyi fotosərgidə isə abidələrin görüntüləri maraqlı rakurslardan izlənir.
Tədbirin davamında ADMİU-nun 3 fakültəsinin tələbə-müəllim həyəti tərəfindən hazırlanan proqram təqdim olunub. Musiqi proqramı iki hissəli keçirilib. Musiqi fakültəsi “İnstrumental ifaçılıq” kafedrasının tələbələri (Həsənova Sevinc, Qafarlı Əsmər, Leyla Abuzərova) Macarıstanın klassik irsinə, F.Listin əsərlərinə müraciət ediblər (Bədii koordinatorlar: Türkər Qasımzadə, Leyla Aslanova, Rəşad Kazımov, Leyla Əliyeva). Universitetimizin nəzdində uğurlu fəaliyyət göstərən “Cadenza” orkestrinin solistləri isə (Samir Əsədov, Nadir Eyvazov, Üzeyir Mahmudbəyli, Orxan Hüseynov, Afaq Qarayeva) B.Bartok və Q.Liqetinin əsərlərini ifa ediblər (Bədii rəhbər: Türkər Qasımzadə).
Təsadüfi deyil ki, tədbir 11 aprel tarixində, - Macar poeziyası günündə keçirilib. Bu münasibətlə Teatr sənəti fakültəsinin tələbələri (Cavid Babayev, Aydan Bağırova) Şandor Petefinin əsərlərinin bədii qiraəti ilə çıxış ediblər.
Konsertdən sonra Rəssamlıq fakültəsinin “Dekorativ sənət” ixtisası üzrə tələbə və müəllim kollektivinin “Ağ maralın izi ilə” sərgisinin və fotoqraf, səyyah Aydın Sadıxovun Macarıstanın tarixi-mədəniyyət abidələrinə həsr olunmuş “Macarıstan inciləri” fotosərgisinin açılış mərasimi keçirilib.
Bildirilib ki, qobelen əsərlərinin mövzusu Maral obrazıdır (bədii koordinatorlar: sənətşünaslıq üzrə fəlsəfə doktorları Səltənət Rzayeva və Gülarə Salayeva). Burada Azərbaycan və Macar folklorunda mühüm və əhəmiyyətli yerə malik olan Maral fərqli qobelen texnikalarında və üslubi həldə təqdim olunur. Ənənəvi texnikalarla yanaşı, müəllim və tələbələrimiz innovativ yanaşmalar da tətbiq ediblər. Burada məxmər, keçə, klassik qobelen, kilim texnikaları, dekorativ rəngkarlıq işlənib.
Tədbir əsnasında iştirakçılara sertifikatlar təqdim olunub. Sonda rektor C.Mahmudova Macarıstanın səfiri Viktor Sederkenyiyə Əməkdar rəssam Vüqar Əlinin müəllifi olduğu Azərbaycanın simvolu sayılan Xarıbülbül əsərini hədiyyə edib. Səfir və qonaqlar ADMİU-nun Vətən müharibəsi iştirakçılarına həsr olunmuş “Zəfər lövhəsi” ilə tanış olublar.