ADMİU-DA SABAH İCRA KOMİTƏSİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
ADMİU-DA SABAH İCRA KOMİTƏSİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
14.04.2022
Aprelin 12-də Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH İcra komitəsinin nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olublar. Onlar rejissorluq və aktyorluq sənəti üzrə birinci kurs tələbələri ilə görüşüblər.
ADMİU SABAH Mərkəzinin rəhbəri Böyükxanım Talıbova və ADMİU-nun prorektoru Gülşən Əliyeva-Kəngərli qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, görüşün əsas məqsədi tələbələri SABAH layihəsi haqqında məlumatlandırmaqdır.
SABAH İcra komitəsinin rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev SABAH-ın 2014-2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumatlandırıb, tələbələri qəbul qaydaları ilə tanış ediblər. Bildirilib ki, artıq 2022/2023-cü il tədris ili üzrə SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu başlayıb. Müsabiqədə iştirak etmək istəyən tələbələr ərizələrini təqdim edə bilərlər.
SABAH İcra komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva, SABAH İcra komitəsi tələbələrlə iş üzrə meneceri Leyla Hüseynova, SABAH İcra komitəsi rəhbərinin köməkçisi Nərmin Səfərova tələbələrin suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.