Aprelin 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Şuşa İli"nə həsr olunmuş "Ruhumuzun ünvanı Şuşa" adlı tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, Şuşada doğulmuş mötəbər qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər.
Mərasimdən öncə qonaqlar ADMİU Kitabxana-İnformasiya Mərkəzinin Şuşaya həsr olunmuş kitab sərgisiylə tanış olublar.
Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb və onları rəhbəri olduğu ali təhsil ocağında görməkdən məmnunluğunu dilə gətirib. Rektor çıxışında Qarabağın azadlığıyla nəticələnən Vətən müharibəsindən söz açıb, Şuşanın bu müharibədəki strateji və mənəvi əhəmiyyətindən danışıb: "30 ilə yaxın idi ki, bizim qəlbimizdə Qarabağ adlı, Şuşa ünvanlı yara vardı. Hər il mayın 8-i Şuşanın işğal günü digər rayonlarımızın işğal günləri kimi bizim hüznümüz idi. Artıq çox sevindirici və qürurverici haldır ki, bizim 8 noyabr kimi bir bayramımız var. O gün Şuşanın düşmən işğalından azad olunduğu gündür. Cənab prezidentin sərəncamıyla 2022-ci ilin "Şuşa ili" adlandırılması da təsadüfi deyil. Şuşanın xalqımızçün, türk milləti üçün əhəmiyyətini və qədim Azərbaycan yurdu olduğunu bütün dünyaya çatdırdı".
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov çıxışında Şuşanın qədim tarixindən, özünün Şuşa xatirələrindən bəhs edib. Qeyd edib ki, Şuşanın azadlığı müharibənin gedişində həlledici rol oynadı və müharibənin taleyini müəyyənləşdirdi: “Nahaqdan demirdilər ki, Şuşa kimdədirsə, Qarabağ ondadır. Biz bunu I Qarabağ müharibəsində də görmüşdük, indi də gördük”. E.Əhmədov bildirib ki, bu zəfər təkcə 44 günün deyil, illərdir yürüdülən uğurlu siyasətin nəticəsi idi.
Real Tv-nin Avropa bürosunun rəhbəri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, "Tərəqqi" medalına layiq görülmüş Xatirə Abdullazadə Şuşayla bağlı xatirələrini bölüşüb, Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş qurultayından danışıb: "Şuşaya 3-cü gedişim idi. Hər gedişim fərqli hisslərlə xatirimdə qalıb. İlk dəfə yenicə azad olunmuş Şuşaya hərbi maşında, əsgər buşlatında getmişdim. Oradan 12 yaşında çıxan qızcığazın sevinci, həyəcanı, kövrəkliyi sarmışdı ruhumu. Ora qaranlıqda girməyimizə baxmayaraq, mən nənəmgilin məhləsini, mənə doğma olan, uşaqlığımın xatirələriylə dolu Mamay bulağını tanıdım. Hər zaman məndən soruşurlar ki, Şuşanın azadlığıyla nə dəyişdi? İlk növbədə, biz özümüz dəyişdik. Xaricdə yaşayan biz azərbaycanlılar artıq qalib xalqın övladları kimi qürurluyuq, fəxrliyik. Bu qüruru cənab Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, qəhrəman ordumuza borcluyuq".
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Maisə Ağamirzəyeva da çıxışında əslən Şuşadan olduğunu, həm Ağdamın, həm də Şuşanın onunçün əhəmiyyətindən danışıb. Deyib ki, Şuşa ana yurdu olsa da, ilk dəfə idi oraya getmək qismət olurdu: "Mən Şuşaya girərkən gözümün qarşısına bu çətin yolları dırnaqlarıyla, əlləriylə çıxan o igidlərimiz, şəhidlərimiz gəldi. Biz dünya durduqca şəhidlərimizə və onların ailələrinə minnətdarıq. Biz Hollandiyadakı Azərbaycan diasporası olaraq hər zaman Qarabağ mövzusunu bacardığımız qədər gündəmdə saxlamağa çalışmışıq. Müharibə vaxtı, müharibədən sonra da müəyyən dinc şəraitdə aksiyalar keçirib haqq səsimizi müxtəlif formalarda çatdırmışıq. Xüsusən, düşmən tərəfindən torpaqlarımızın minalandırılmasını və günahsız insanların bu səbəbdən ölümünü aksiyalarla Hollandiyada yaşayan ermənilərə, hollandlara və dünyaya çatdırdıq. Zəfər bayramımızı, şəhidlərimizin anım gününü də orda keçirdik. Bütün bunlar bizim borcumuzdur və Azərbaycan naminə, Vətən naminə mübarizəmizi bundan sonra da davam etdirəcəyik".
Çıxışlardan sonra Xatirə Abdullazadənin Şuşa həsrətindən bəhs edən "28" filminə və Şuşaya həsr olunmuş foto sərgiyə baxış keçirilib.