ADMİU-NUN BİR SIRA ƏMƏKDAŞININ YUBİLEYİ QEYD OLUNUB
ADMİU-NUN BİR SIRA ƏMƏKDAŞININ YUBİLEYİ QEYD OLUNUB
27.04.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) rəhbərliyin təşəbbüsüylə ADMİU Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən bir sıra professor-müəllim və əməkdaşın yubileyləri qeyd olunub.
“Səhnə danışığı” kafedrasının dosenti Nadir Hüseynov və “Sosial mədəni fəaliyyət” kafedrasının dosenti Əminə Qədimova 70, “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının professoru Həmidə Ömərova və təsərrüfat şöbəsinin komendantı Mahir Abdullayev isə 65 illik yubileyləri münasibətiylə rəhbərlik tərəfindən təbrik ediliblər.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Ceyran Mahmudova yubilyarları təbrik edib, onlara səmimi arzularını çatdırıb. Onların uzun illərdir ADMİU-da səmərəli və fədakar pedaqoji fəaliyyətlərindən söz açan rektor bildirib ki, hər biri həm kollektiv, həm də tələbələr üçün çox dəyərli və əzizdirlər. Universitet rəhbərliyinin hər zaman öz əməkdaşlarına, müəllimlərinə yüksək dəyər verdiyini vurğulayan rektor bu cür mərasimlərin ənənəvi olaraq keçirildiyini də nəzərə çatdırıb.
Daha sonra hədiyyələr rektor C.Mahmudova tərəfindən sahiblərinə təqdim edilib. Göstərilən diqqətə görə rəhbərliyə və ADMİU Həmkar İttifaqı Komitəsinin sədri Səyavuş Məhişova təşəkkürlərini bildirən yubilyarlar Azərbaycan mədəniyyəti və təhsili üçün çalışmaqdan qürur duyduqlarını deyiblər.