Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən növbəti fotosərgi təşkil edilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi çərçivəsində baş tutub. Sərgidə universitetin 100-ə yaxın müəllim və tələbəsi iştirak edib.
Sərgini giriş sözüylə açan ADMİU-nun prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva tədbir iştirakçılarını salamlayaraq bu layihə çərçivəsində əməkdaşlıq üçün UYD kollektivinə minnətdarlığını bildirib. O qeyd edib ki, layihənin formatı gənclərin maraq və diqqətini cəlb edərək Şuşa musiqiçilərinin onlar arasında tanınmasına səbəb olur. Azərbaycanın Müzəffər Ordusunun şücaəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə qazanılan Zəfərdən bəhs edən G.Əliyeva çıxışının sonunda Şuşa musiqiçilərinin tanıdılmasında hər bir kəsin kiçik töhfəsinin böyük nəticələr verəcəyini vurğulayaraq, gənc tələbələri Şuşa mədəniyyətinin və tarixinin təbliğinə təşviq edib.
Daha sonra UYD sədri Fərhad Abdulov layihə haqqında məlumat verib, layihə çərçivəsində ADMİU ilə qurulmuş əməkdaşlıqdan bəhs edib. O bildirib ki, layihənin təsir dairəsinin artırılması məqsədilə ADMİU-nun təşkilatçılığı ilə musiqi məktəblərində, Bakı Metropolitenində və şəhərin iri ticarət mərkəzlərinin birində bir neçə əlavə sərginin keçirilməsi nəzərdə tutulur.
Sərgi universitetin məzunları tərəfindən “Şuşanın dağları”, “Xudayar Təsnifi” kimi canlı ifalar ilə müşayiət olunub. Tədbir iştirakçıları ağ-qara fotosu rənglənmiş Şuşa musiqiçiləri haqqında məlumat əldə edib, sərgiyə birgə baxış keçiriblər. Sərgidə iştirak edən gənclərə rənglənmiş fotolara əlçatanlığı təmin etmək üçün QR kodların əks olunduğu bukletlər paylanılıb.