Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Muzeyşünaslıq” kafedrasının təşkilatçılığı ilə “Kulturologiya” fakültəsində “18 may Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirə qonaq qismində dəvət olunmuş AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov “Qarabağın arxeoloji mədəniyyətləri” mövzusunda ustad mühazirəsi ilə çıxış edib. Alim Cənubi Qafqazın və dünyanın ən qədim insan məskənlərindən biri olan Qarabağın Azıx, Tağlar, Şuşa kimi qədim insan düşərgələrindən bəhs edərək dünya elminə dəyərli töhfələr verən bu tarixi torpağın əzəli sakinlərinin məhz bilavasitə Azərbaycan xalqının ulu əcdadları olduğunu vurğulayıb.
30 ilə yaxın müddətdə mənfur erməni daşnaklarının tapdağı altında qalan torpaqlarımızın azad olunması ilə yanaşı, eyni zamanda abidələrimizin də xilas edildiyini və bütün bunların nəticəsi olaraq rəşadətli Azərbaycan ordusunun Vətən tariximiz üçün yeni bir səhifə yazdıqlarını bildirib. Quruçay, Qədim aşel, Orta aşel, Son aşel, Üst paleolit, Leylatəpə, Göyçə-Üzərliktəpə və Xocalı-Gədəbəy arxeoloji mədəniyyətləri kimi zəngin bir tarixi bizə miras qoyan Qarabağ abidələrindən ətraflı və dolğun şəkildə məlumat verən professor Ə.Cəfərovun mühazirəsi fakültənin tələbələri tərəfindən maraqla qarşılanıb. Mühazirə ərzində Ə.Cəfərov 150-dən artıq fotoşəkilləri və o cümlədən, ayrı-ayrı arxeoloji mədəniyyətlərə malik olan əmək alətlərinin surətlərini nümayiş etdirib.
Qeyd edək ki, son 5 ildə professor Ə.Cəfərov respublikanın ali məktəblərində təmənnasız olaraq ustad mühazirələr aparır və 500 baldan artıq qəbulda nəticə göstərənlərə özünün yazdığı “Qarabağın paleolit düşərgələri” adlı kitabını hədiyyə edir.
Tədbirin sonunda tələbələrin abidələrlə bağlı daha geniş məlumatlandırılması üçün bu tip ustad mühazirələrin mütəmadi keçirilməsi qərara alınıb.