Yanvarın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Qanlı Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılmasıyla başlayıb.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açılış nitqində 1990-cı il 20 Yanvar gecəsiylə bağlı xatirələrini bölüşüb və qeyd edib ki, o gecə baş verənləri neçə illər keçməsinə baxmayaraq, heç bir azərbaycanlı unutmur və unutmayacaq: “O günlər nə qədər ağır olsa da, xalqımızı müstəqilliyə aparan şərəfli yol idi. Azərbaycan xalqı tarixin bütün dövrlərində əzmkar, mübariz və vətənini canından çox sevən bir millət olduğunu sübut edib. 20 Yanvar faciəsində canını qurban verən şəhidlərimiz özündən sonrakı nəslə qəhrəmanlıq, cəsarət örnəyi oldular. Vətən müharibəsində canı, qanı bahasına Qarabağa azadlığını qaytaran oğullarımız da özündən sonrakı nəsillərə örnək olacaqlar. Arzu edərdim ki, bir də heç vaxt xalqımız bu cür faciələr yaşamasın, öz yurd-yuvalarından didərgin düşməsin, şəhidlərimiz olmasın, anaların gözləri yaşlı qalmasın”.
Sonra ADMİU-nun Sosial- siyasi fənlər kafedrasının müdiri dosent Xaləddin Sofiyev “Azadlıq – azadlığa gedən yoldur” adlı geniş məruzəylə çıxış edib.
Sonda Ramiz Fətəliyevin ssenarisi əsasında rejissor Nizami Abbas tərəfindən lentə alınan “Silahdaşlar” filmi nümayiş olunub.