ADMİU İLƏ AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ ƏMƏKDAŞLIĞI
ADMİU İLƏ AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ ƏMƏKDAŞLIĞI
24.01.2023
Kino sənətinin müxtəlif sahələri üzrə çap məhsullarının tərtibi, nəşri və təbliği istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə ADMİU arasında əməkdaşlıq uğurla davam edir. Təşkilatın əsas prioritetlərindən biri kimi çapdan çıxan kino sahəsinə dair nəşrlər mütəmadi ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunaraq ixtisaslı oxucu auditoriyasının nəzərinə çatdırılır. AKİ ilə universitetin aktiv əməkdaşlığının bariz nümunəsidir ki, bugünlərdə təşkilatın maliyyə dəstəyi ilə universitetin Kino-televiziya sənətləri kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, Şöhrət ordenli, professor Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərslik işıq üzü görüb. Nəşrdə peşəkar kino-teleoperator və fotoqraflara kinematoqrafiya və foto sənətində istifadə olunan informasiya daşıyıcıları və işığahəssas qəbuledicilər, real görüntünün rəqəmsal informasiyaya və daha sonra optik təsvirə transformasiya üsulları, işığahəssas qəbuledicilərin həndəsi parametrləri, onların fotoqrafik xassələri, çəkiliş anında və yaxud sonrakı mərhələlərdə həmin xassə göstəricilərinin tənzimlənmə metodları haqqında, kino-fotolent və işığahəssas sensorların fotoqrafik xassələri arasında mövcud olan oxşar və fərqli cəhətlərlə bağlı bilgilər öz əksini tapıb. ADMİU-nun Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən dərsliyin elmi redaktoru Əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyev, rəyçiləri – Əməkdar incəsənət xadimləri Rəfail Qəmbərov, Adil Abbasov və Nizami Abbasovdur.
Həyata keçirilən səmərəli əməkdaşlıq sayəsində 2023-cü ildə ADMİU-nun daha iki pedaqoqunun hazırladığı nəşrlərin AKİ tərəfindən çapı nəzərdə tutulur. Şübhəsiz ki, kino sahəsində Azərbaycan dilində yeni dərsliklərin nəşr edilməsi istiqamətində AKİ-nin fəaliyyəti milli kino sənətimizin tədrisinə mühüm töhfədir. Bu baxımdan, nəşrlərin çapına və təbliğinə göstərdiyi dəstəyə görə başda AKİ-nin sədri, Xalq artisti Rasim Balayev olmaqla bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.