Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Adil xan Ziyadxanın "Qələmin uçuşu" kitabının təqdimat və müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə Universitetin Kulturologiya fakültəsinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İB-nin sədri Nigar Sultanlı açaraq Adil xan Ziyadxanın əlyazmalarından ibarət "Qələmin uçuşunda" kitabı haqqında danışıb, əsərin məziyyətlərindən bəhs edib.
Kitabın tərtibçiləri filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli və filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov kitab haqqında, eləcə də Adil xan Ziyadxanın yaradıcılığı haqqında məlumat verərək geniş məruzə ilə çıxış edib, tələbələrin suallarını cavablandırıblar.
Qeyd olunub ki, layihəni bu kitabdan başlamaqda məqsəd Cavadxan nəslinin layiqli davamçısı, Cümhuriyyət tarixində xüsusi yeri olan Adil xanı gənc nəsillərə daha yaxından tanıtmaqdır.
Universitetin qonaqları Azərbaycanın İranda səlahiyyətli səfiri olmuş, ictimai xadim Abasəli Həsənov, yazıçı-publisist Kənan Hacı, Çapar Yayınlarının təsisçisi Yusif İlhamoğlu, filologiya üzrə fəlsəfə doktoru Firidun Qurbansoy, Universitetin professorları Mübariz Süleymanlı, Xaləddin Sofiyev, İlqar Hüseynov, dosent Səyavuş Məhişov, Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi, TEC-in katibi Günel İbrahimova və başqaları çıxış edərək Cavadxan nəslinin layiqli davamçısı, Cümhuriyyət tarixində xüsusi yeri olan Adil xanı gənc nəsillərə tanıtmaq üçün hazırlanmış nəşrin təqdirəlayiq hadisə olduğunu vurğulayıblar.