Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Özbəkistanda I “Türk dövlətləri tələbə tamaşaları teatr festivalı”nda iştirak edirlər.
22-26 may tarixlərində TÜRKSOY-un təşkilatçılığı, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Daşkənddə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda keçirilən festivala ADMİU-nun nümayəndə heyəti universitetin rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə qatılıblar.
Festival çərçivəsində Türk Dövlətləri Sənət Universitetləri Birliyinin I toplantısı da keçirilib. Toplantıda ADMİU-nun rektoru professor Ceyran Mahmudova və professor İsrafil İsrafilov da iştirak ediblər. C.Mahmudovaya Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun özəl mükafatı verilib.
Festivalın 2-ci günü- mayın 23-də ADMİU-nun Dram teatrı və kino aktyoru ixtisası üzrə III təhsil ili tələbələri Tuncer Cücənoğlunun “Uçqun” psixoloji dramı ilə uğurla çıxış ediblər. Kursun rəhbəri Əməkdar artist dosent Yaqut Paşazadədir.