Fevralın 21-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) əlilliyi olan yaradıcı şəxslərin əl işlərindən ibarət “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi təşkil olunub.
ADMİU, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şura və “İstedadlı Əlillər” İctimai Birliyinin üzvlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunub.
Tədbirdə universitet rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və jurnalistlər iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, sərginin önəmindən danışıb. Xocalı soyqırımını xatırlayan rektor bu ümumxalq hüzn gününün hər il universitet daxilində müxtəlif tədbirlərlə anıldığını vurğulayıb: “2020-ci ildən başlayaraq, bu anım günləri başqa ruhda yad edilir. Şəhidlərimizi anmaqla yanaşı, biz həmçinin, fəxarət hissləri keçiririk. Çünki Xocalıda canından olan 613 şəhidimizin, Birinci Qarabağ müharibəsi şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində düşmənə layiqli cavab verdi və böyük qələbəni xalqımıza bəxş etdi”.
Rəhbəri olduğu ali təhsil ocağında Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimlərinin dərs dediyini və onların incəsənətimiz üçün peşəkar kadrlar hazırladığını deyən xanım rektor onların illər boyu Qarabağ probleminə və Vətən müharibəsinə həsr olunmuş bir çox tədbirlər, sərgilər keçirdiklərini, tamaşa və filmlər hazırladıqlarını diqqətə çatdırıb.
ƏƏSMN tabeliyində SXA ilə birgə əlilliyi olan yaradıcı şəxslərin sərgilərinin universitetdə tez-tez keçirildiyini deyən rektor bu cür istedadlı şəxslərə dəstək olmağa hər zaman hazır olduqlarını vurğulayıb.
Millət vəkili Aqil Məmmədov belə bir tədbirə görə universitet rəhbərliyinə təşəkkür edib və “Əsrin faciəsi” olan Xocalı soyqırımından və Vətən müharibəsindən bəhs edib. A.Məmmədov Vətən müharibəsində qazanılan böyük zəfəri dövlətimizin gələcək böyük uğurlarının başlanğıcı adlandırıb.
Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev çıxışında Qarabağ zəfərindən geniş söz açıb, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasətindən danışıb. Həmçinin, A.Əliyev yaxın günlərdə Türkiyədə baş verən zəlzələ faciəsinə də toxunaraq universitetdə təhsil alan türkiyəli tələbələr başda olmaqla, bütün Türk dünyasına başsağlığı verib. Komitə sədri bu hadisədə Azərbaycanın Türkiyəyə növbəti qardaş dəstəyindən bəhs edərək bildirib ki, bu, Azərbaycan və Türkiyənin iki dövlət bir millət olduğunu bir daha sübut etdi.
“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov, ƏƏSMN-nin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, ƏƏSMN-nin tabeliyində SXA-nın rəhbərliyinin nümayəndəsi Fərhad Allahverdizadə, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və başqa qonaqlar çıxış edərək 31-ci ildönümü yaxınlaşan Xocalı Soyqırımından bəhs edib, həmçinin, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Tədbirin bədii hissəsində ADMİU-nun müəllimləri, Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev musiqi nömrələri ilə çıxış edib, ADMİU-nun tələbələrinin ifasında vətənpərvərlik mövzulu şeirlər dinlənilib.
Sonda qonaqlar “İstedadlı Əlillər” İctimai Birliyinin hazırladığı “Qarabağ duyğularımın rəngi ilə” adlı sərgi ilə yaxından tanış olublar.