Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində İsveç Krallığının Stokholm şəhərində bir həftəlik səfərdə olub.
Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nəfər nümayəndənin iştirak etdiyi təlimlər 27 fevral- 3 mart tarixlərini əhatə edib.
Heyət ilkin olaraq KTH Kral Texnologiya İnstitutunda olub.
Onlar “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında həyata keçirilən təlimlərə qatılıblar. Təlimlərin əsas məqsədi universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olub. Təlim proqramına uyğun olaraq İsveç Rektorlar Konfransının, İspaniya Rektorlar Konfransının, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun (EFMD), İsveçin Kral Texnologiya İnstitutunun rəhbər şəxsləri tərəfindən İsveç, İspaniya və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə təqdimatlar edilib, müzakirələr və fikir mübadilələri aparılıb.
Təlimlərin gedişində Rektorlar Konfransının fəaliyyəti ilə bağlı qrup işləri də həyata keçirilib. Proqramın yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramova və ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin sədri Elçin Süleymanov tərəfindən layihədə həyata keçirilən fəaliyyətlərin icrası və qarşıda duran mühüm tapşırıqlar, Komitənin gələcək fəaliyyət planı haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir.