Martın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi (ADMİU) Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan "Yaşanan yarım əsr" adlı sənədli filmin təqdimatı keçirilib.
Təqdimatda incəsənət xadimləri, teatr və kino aləminin tanınmış nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əməkdar artist Nicat Kazımov qonaqları salamlayaraq onun yaradıcılığına diqqət göstərən yaradıcı heyətə və tədbir iştirakçılarına toplaşanlara təşəkkürünü bildirib.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru ADMİU-nun Rejissor sənəti, kino rejissoru ixtisaslaşması üzrə II təhsil ili tələbəsi Vüsal Əsgərovdur. Tədbirdə çıxış edən V.Əsgərov ekran əsərinin yaranma prosesindən danışıb, burada yer verilən nüansların Nicat Kazımovun aktyor, rejissor, pedaqoq kimi çoxşaxəli fəaliyyətinin, qazandığı uğurların sadəcə bir hissəsi olduğunu vurğulayıb.
Sonra “Yaşanan yarım əsr" filmi nümayiş edilib.
Qeyd edək ki, Nicat Kazımovun həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən filmin quruluşçu operatoru Teymur Məmmədov, montaj rejissoru Firdovsi Nəbiyev, səs operatoru Nicat Cəbrayılov, qrim üzrə rəssamı Vüsalə Abbasova, prodüsseri Əməkdar artist İlham Əsədovdur.