Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunmuş “Daxili keyfiyyət təminatı mexanizmləri”nə dair təlimdə iştirak edən akademik və inzibati heyətinə sertifikatlar təqdim edilib.
Aprelin 6-da ADMİU-da baş tutan tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor Nigar Rüstəmova təlim iştirakçılarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Təqdimetmə mərasimində iştirak edən TKTA-nın İdarə Heyətinin sədr müavini Kamran Rəsulov universitetin rektoru professor Ceyran Mahmudovaya təşəkkürünü bildirərək, qurumun təlim xidmətləri və görülmüş işlər haqqında ətraflı məlumat verib, TKTA ilə əməkdaşlığın davamlı olmasını arzulayıb.
Universitet rəhbərliyinin, struktur bölmə rəhbərləri və kafedra müdirlərinin qatıldığı təlimdə 40 nəfər iştirakçıya sertifikatlar təqdim edilib.
Qeyd edək ki, TKTA ilə ADMİU arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Keyfiyyət təminatı departamentinin “Təlim və metodologiya şöbəsi”nin müdiri Asiman İlyasovun iştirakı ilə keçirilən təlim təhsildə keyfiyyət təminatı mexanizmləri, sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi qaydalarına həsr olunub.