Aprelin 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Təsviri sənət kafedrasının müəllimi Röya Həsənin universitetin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “İz” adlı fərdi yaradıcılıq sərgisi açılıb. Sərginin açılış mərasimində universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq son zamanlar universitetin Rəssamlıq fakültəsi tərəfindən müxtəlif və maraqlı sərgilərin təşkil edildiyini söyləyib. O bildirib ki, ADMİU-nun magistr məzunu olmuş Röya Həsən hər zaman orijinal düşüncəsi ilə fərqlənib və sərgidə onun rəngarəng ekspozisiyaları yer alıb. O, əsasən portret janrına müraciət edərək gözəl əsərlər yaradıb. Röya Həsən yaradıcılıqla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olaraq bu sənətin sirlərini tələbələrinə öyrədir.
ADMİU-nun rektorunun müşaviri Validə Məmmədova, Təsviri sənət kafedrasının müdiri Əməkdar rəssam Rəşad Cabarov və həmin kafedranın baş müəllimi Əməkdar rəssam Vüqar Əliyev Röya Həsənin yaradıcılığından söz açıb, onun görkəmli insanların, ictimai və incəsənət xadimlərinin portretlərini məharətlə yaratdığını qeyd ediblər. Bildirilib ki, irihəcmli portret yaratmaq çox böyük bacarıq və məsuliyyət tələb edir və Röya Həsən bunun öhdəsindən məharətlə gəlir. Çıxışçılar müəllifi təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Daha sonra söz müəllifə verilib. Röya Həsən sərgidə yer alan əsərlərin yaranma ideyasından və sərginin məqsədindən danışıb: “Hər bir xalqın mədəni irsi onun sərvətidir. Xalqımızın dünya mədəniyyətinin yaranmasında çox böyük rolu vardır. Müsəlman Şərqində ilk teatr, opera, balet, Elmlər Akademiyası Azərbaycanda yaradılıb. Məhz “İz” adlı sərgimi mədəni irsimizdə, tariximizdə dərin iz qoyan görkəmli korifeylərimizə həsr etmişəm. Mədəni irsimizi bilmək, qorumaq, inkişaf etdirmək və nəsildən-nəslə ötürmək hər birimizin borcudur. Çünki bu, Vətənimizin, xalqımızın tarixidir, özünəməxsusluğudur. Bu dəyərləri qorumalıyıq ki, gələcək nəsillər baxıb qürur duysunlar. Düşünürəm ki, Vətənə olan bağlılığımı, Azərbaycan xalqına olan sevgimi, dəyərlərimizə olan hörmətimi öz yaradıcılığımda əks etdirə bilmişəm”.
Tədbirdə ADMİU-nun Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrasının konsertmeysteri Nicat Aslanov və İnstrumental ifaçılıq kafedrasının magistr məzunu Ləman Əliyeva musiqi nömrələri təqdim ediblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, "İz" sərgisində 25 əsər nümayiş olunur. Əsərlər rəssamların, bəstəkarların, rejissorların, aktyorların portretlərini, eyni zamanda, Azərbaycanın təbiətini əks etdirir.