Mingəçevir Dövlət Universitetində (MDU) adıkeçən universitetin koordinatoru olduğu “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan - ENGAGE) Erasmus+ layihəsinin açılış mərasimi keçirilib.
MDU-nun rektoru Şahin Bayramov tədbiri universitet üçün əlamətdar hadisə kimi dəyərləndirib. MDU-nun Azərbaycanda koordinator statusunda Erasmus+ proqramının qalibi olan ilk region universiteti olduğunu vurğulayan rektor Elm və Təhsil Nazirliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, tərəfdaş yerli və xarici universitetlərə təşəkkürünü bildirib.
Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycanda Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, digər tərəfdaş yerli ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Şəbnəm Məmmədzadə çıxış ediblər.
Estoniya, İsveç, Portuqaliya, İspaniya və Polşanın 5 aparıcı universitetini təmsil edən xarici qonaqlar çıxış edərək Mingəçevir şəhərində və belə bir layihənin tərəfdaşları arasında olmaqdan məmnunluqlarını bildiriblər. Təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat verən avropalı mütəxəssislər müsbət qiymətləndirilən təcrübələri benefisiar qurumlarla birlikdə layihə çərçivəsində bölüşəcəklərini diqqətə çatdırıblar.
Səfər çərçivəsində ADMİU-nun Keyfiyyət təminatı və Strateji Planlama şöbəsinin müdir müavini Elçin Cəfərov və həmin şöbənin strateji planlama sektorunun mütəxəssisi Namiq Kərimov yerli və xarici əməkdaş universitetlərin nümayəndələri ilə görüşlər keçirmişdir. Eyni zamanda, ENGAGE layihəsinin Ali təhsil müəssisələrinin sahibkarlıq potensialının inkişaf etdirilməsinə həsr olunan 2-ci fəaliyyət planı üzrə işçi qrupun üzvü olan Elçin Cəfərov və layihənin universitet tərəfdən layihə meneceri Namiq Kərimov beynəlxalq və yerli tərəfdaşlarla qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərini müzakirə ediblər. Qeyd olunub ki, mədəniyyət və incəsənət sahəsində sahibkarlıq ekosisteminin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir və ENGAGE layihəsi ADMİU-nun bu istiqamətdə inkişafına təkan verəcək.
MDU-nun koordinatorluğu ilə hazırlanan və təqdim edilən Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirilib. Avropa İttifaqının 5 ölkəsini təmsil edən tərəfdaş universitetlərin müvafiq sahədəki təcrübəsinin öyrənilməsi və faydalanması tələblərinə müvafiqdir. Layihədə 4-ü region universiteti olmaqla, ümumilikdə ölkəmizin 11 aparıcı dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan HR İnstitutu layihənin qeyri-universitet tərəfdaşları sayılır. Avropa İttifaqı layihədə Lissabon Universiteti (Portuqlaliya), Kataloniya Politexnik Universiteti (İspaniya), KTH Kral Texnologiya Universiteti (İsveç), Tallin Texnologiya Universiteti (Estoniya) və WSG Universiteti (Polşa) ilə təmsil olunur.