Mayın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) türkiyəli aktrisa Neslihan Atagül və həyat yoldaşı, aktyor Kadir Doğulu ilə görüş keçirilib.
Görüşdə universitet rəhbərliyi, professor-müəllim heyəti, Teatr sənəti və Audiovizual sənətlər fakültəsinin tələbələri, həmçinin, media nümayəndələri iştirak ediblər.
Səmimi qarşılanmadan məmnunluqlarını bildirən sənətçilər ölkəmizə gəlmə səbəblərindən və Bakı təəssüratlarından danışıblar. Onlar bu səfər zamanı Bakını gəzə bildiklərini bildiriblər.
N.Atagül deyib ki, daha əvvəl də burada olublar, lakin bu qədər gəzə bilməyiblər: “4-5 il əvvəl gəlmişdim. O zaman da bizi çox gözəl qarşılamışdılar. Lakin həmin vaxt bu qədər gəzmək və şəhəri kəşf etmək imkanım olmamışdı. Bu dəfə isə daha çox gəzib, daha çox yerləri görə bildik”.
K.Doğulu isə qeyd edib ki, iki-üç gün ərzində qonaqpərvərliyin şahidi olub: “Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya böyük təşəkkürümüzü bildiririk. Bizi burada çox yaxşı qarşıladılar və qonaq etdilər. Buranın mədəniyyəti haqqında məlumatımız var idi. Lakin ölkəyə gələndə bununla bağlı araşdırma da apardıq. Buna görə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gəlmək istədik. Siz bizi bir aktyor olaraq görürsünüz. Amma biz eyni zamanda mədəniyyətin təmsilçiləriyik”.
Daha sonra onlar aktyorluq sənəti, kino və serial yaradıcılıqları haqqında danışıb, öz təcrübələrini bölüşüblər.
Görüşün davamında tələbələr onları maraqlandıran sualları qonaqlara ünvanlayıblar.