Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Ədəbiyyat və dillər” kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib.
Millət vəkilləri, ictimai xadimlər, universitet rəhbərliyi, professor və müəllim heyəti, tələbələr və media nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan “Ədəbiyyat və dillər” kafedrasının müdiri professor Fəridə Səfiyeva xalqımızın böyük oğlu, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin öndərliyindən söz açıb, onun xüsusən Azərbaycan dilinin yaşadılması və təbliği yönündə gördüyü böyük işlərdən danışıb. Qeyd edib ki, ADMİU Heydər Əliyevin xatirəsini hər zaman müxtəlif tədbir və konfranslarla yad edib. “Heydər Əliyev İli”nin əvvəlindən etibarən də universitetin bu mövzuda bir sıra silsilə tədbirləri, konfransları keçirilib. Bu tədbir də onların davamıdır.
Sonra Ümummilli Lider Heydər Əliyevin öz səsində ana dili ilə bağlı fikirləri nümayiş etdirilib.
Dosent Sevinc Həsənova “Milli sərvətimiz olan ana dilimiz azərbaycançılığın mənəvi əsasıdır” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzəçi Heydər Əliyevin ana dili haqqındakı fikirlərini əsas tutaraq hakimiyyətdə olduğu bütün dövrlərdəki dil siyasətini şərh edib.
Daha sonra millət vəkili Məlahət İbrahimqızı, professor Adil Babayev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar. Qeyd olunub ki, xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolu, Vətən qarşısında tarixi xidmətləri, mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.
Tədbirin bədii hissəsində Teatr sənəti fakültəsinin tələbələri İsmayıl Firuzə və Əliağa Tapdıqlının ifasında dinlənilib, fakültə tələbələrinin ifasında A.Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” pyesindən bir parça izlənilib.
Davamında X.Ulutürkün “Ana dili” şeiri və Emin Sabitoğlunun “Şirin dil” mahnısı əsasında hazırlanmış kompozisiya nümayiş etdirilib. Musiqi sənəti fakültəsinin məzunu Mütəllim Mütəllimov “Sən elə bir zirvəsən” mahnısını ifa edib.