Türkiyənin Qafqaz Universitetinin (Qars) rektoru professor Hüsnü Kapu, Lənkəran Dövlət Universitetinin (LDU) rektoru, professor Natiq İbrahimov və Türkiyədən gələn nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar. Qonaqları salamlayan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Qafqaz Universiteti ilə ADMİU arasında Əməkdaşlıq Memorandumu ötən ilin 14 oktyabrında imzalandığını nəzərə çatdıran rektor bu görüşün Memorandum şərtlərini geniş şəkildə müzakirə etmək və gələcək əməkdaşlığı daha da qüvvətləndirmək məqsədi daşıdığını deyib.
Görüşdə iki universitet arasındakı təcrübə mübadiləsi və təhsil sahəsində əlaqələri genişləndirmək və dərinləşdirmək kimi mövzular müzakirə edilib.
Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu ADMİU ilə ortaq tədris sahələrindən söz açaraq 100 yaşlı qocaman ali təhsil ocağının təcrübələrindən gələcəkdə yararlanmağın onlar üçün çox faydalı olacağını düşündüyünü deyib.
Rektor C.Mahmudova Qafqaz Universitetinin lazımi tədris sahələrindəki inkişafı üçün dəstək göstərməyə, öz təcrübələrini bölüşməyə hər zaman hazır olduqlarını vurğulayıb.
Görüş boyunca birgə tədqiqat layihələrində iştirak və onların nəticələrini dərc etmək, birgə seminar, konfrans, müsabiqə və tələbələrin şəxsi işlərinin sərgilərinin təşkili, rəsm sənəti ilə bağlı mühazirələrin təşkili üçün aparıcı professorların dəvət olunması, gənc müəllimlərin təliminin təşkili, magistratura və doktorantura proqramları üzrə əməkdaşlıq və sair kimi məsələlər müzakirə edilib.
Daha sonra qonaqlar Rəssamlıq fakültəsində olub, tələbələrin əl işləri ilə tanış olublar.