Mayın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Audiovizual sənətlər fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Universitet rəhbərliyi, tanınmış kino və teatr xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayaraq Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənəti, o cümlədən, kino və teatrının inkişafında gördüyü mühüm işlərdən bəhs edib.
Tədbirin aparıcısı, Audiovizual sənətlər fakültəsinin dekanı Elnur Mehdiyev çıxışında qeyd edib ki, bu tədbir ali təhsil ocağının “Heydər Əliyev İli”nə həsr etdiyi silsilə tədbirlərin növbətisidir və il boyunca Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bu cür tədbirlər davam etdiriləcək.
Daha sonra Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Akif Əli, Ulu Öndərin şəxsi operatoru Sərdar Vəliyev, professor, Xalq artisti Vaqif Mustafayev və başqaları çıxış edərək Ulu Öndərin misilsiz tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı bənzərsiz rolundan danışıblar.
Sonda Vaqif Mustafayevin müəllifi olduğu Ulu Öndərə həsr olunmuş film nümayiş olunub.