Mayın 17-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Nərgiz Hacıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.
Görüşdə rektor professor Ceyran Mahmudova, Tədris işləri üzrə prorektor Nigar Rüstəmova, Elm və Yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Məsturə Quliyeva, Təhsilin keyfiyyəti və Strateji planlama departamentinin sektor müdiri Gülheyran Rəhimova, Təhsilin keyfiyyəti və Strateji planlama departamentinin müdirinin müavini Elçin Cəfərov iştirak ediblər.
Qonaqları salamlayan ADMİU-nun rektoru professor Ceyran Mahmudova universitet haqqında geniş məlumat verib. Bildirib ki, bu il 100 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkədə teatr və kino sahəsində təhsil verən yeganə universitetdir. Ali təhsil ocağının fəaliyyətindən danışan rektor bir neçə dəfə Böyük Britaniyaya səfər etməsindən və bu əməkdaşlığın 2018-ci ildən etibarən davam etməsindən böyük məmnunluq hissi ilə bəhs edib.
Əlavə olaraq, rektor universitetdə Azərbaycanda ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə edilməsi işində bilik və təcrübələr əldə etməyə imkan verən MBA proqramı, İnkluziv təhsil layihəsi haqqında məlumatlar verib.
Xoş qarşılanmadan məmnunluq duyduğunu ifadə edən səfir Fergus Auld Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələrindən danışıb. Səfir bu əlaqələrin təhsil sahəsində inkişaf etdirilməsini arzuladığını qeyd edib.
"British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Nərgiz Hacıyeva təşkilatın fəaliyyəti haqda danışıb və birgə əməkdaşlığa hazır olduqlarını bildirib.
Sonda ADMİU-nun rektoru professor Ceyran Mahmudova Böyük Britaniyanın Azərbaycandakı səfiri ADMİU-nun təşkilatçılığı ilə keçiriləcək Caz Axşamına və “Gümüş Nar festivalı”na dəvət edib. ADMİU tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.