16 fevral - 24 may 2023-cü il tarixində ADMİU-nun Kulturologiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə IV kurs tələbələri Kitabxana-İnformasiya Mərkəzində istehsalat təcrübəsi keçiblər. Təcrübədə iştirak edən 4 tələbənin hər biri müvafiq qaydada təlimatlandırıldıqdan sonra mərkəzin iş şəraiti və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumatlandırılıblar. Tələbələr, mərkəzdə kitabxana-biblioqrafiya və informasiya proseslərinin elektronlaşdırılması və rəqəmsal kitabxananın yaradılması ilə yaxından tanış olublar. Onlar, sahəvi sənəd-informasiya fondlarının ADMİU-nun fakültələrində təşkil edilən tədris proqramlarına və elmi-tədqiqatların mövzularına uyğun çap və elektron nəşrlərlə komplektləşdirilməsi, eləcə də sənədlərin elmi sistemləşdirilməsi sahəsində mərkəzin iş təcrübəsini hərtərəfli öyrəniblər. Təcrübə müddətində mərkəzin sənəd-informasiya fondunun istifadəsi, təbliği və mühafizəsinin təşkili, elmi-tədqiqatların və təhsilin analitik-informasiya təminatı istiqamətləri üzrə həyata keçirilən işlərə cəlb olunan tələbələr, oxuculara kitabxana-biblioqrafiya və informasiya xidmətinin tam və operativ qaydada həyata keçirilməsinə böyük maraq göstəriblər. Tələbələrin praktiki hazırlığına mərkəzin müdiri Tamilla Əsgərova rəhbərlik edib.
Təcrübə müddətində tələblər ADMİU-da təşkil olunan kitab sərgilərində və digər ali məktəblər tərəfindən təşkil olunan tədbirlərdə iştirak ediblər. Belə ki, ADMİU-nun “İncə sənət” komandasının tərkibində çıxış edən tələbələr Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin III Respublika elmi konfransında qalib olublar.
Tələbələr, UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində keçirilən bir neçə tədbirin fəal iştirakçısı olublar. UNEC-də “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzularında təşkil olunan təlimdə tələbələr peşə bacarıqları ilə bağlı yeniliklərlə yaxından tanış olublar. Həmçinin, UNEC-də görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan “Gəlin birgə oxuyaq” adlı dəyirmi masada iştirak ediblər. Tədbirdə milli nəsrin parlaq simalarından olan M.C.Paşayevin elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən geniş bəhs olunub, nüfuzlu alim, yorulmaz pedaqoq, unudulmaz müəllim, humanist insan kimi həyat cizgilərindən maraqlı məqamlar diqqətə çatdırılıb. Ədibin əsərlərinin qiraəti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Daha sonra tələblər, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər.
Təcrübə müddətində tələbələr ADMİU Kitabxana-İnformasiya Mərkəzinin müxtəlif fəaliyyət istiqamətləri üzrə referat hazırlayıblar və müvəffəq qiymətlərlə təcrübəni yekunlaşdırıblar.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.