Kitabxana-İnformasiya Mərkəzinin fonduna yeni çap olunmuş “Həqiqətin onomastikası-2: Qarabağ və Şərqi Zəngəzur” adlı kitab daxil olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyə etdiyi nəşr Prezident İlham Əliyevin tövsiyələri əsasında tərtib edilib. Kitabda 1988-ci ilin fevral ayından başlayaraq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində oykonimlər, oronimlər və hidronimlər haqqında ensiklopedik məlumatlar öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki toponimlər tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılıb, bu ərazilərin areal etnotoponimləri izahlı təhlil olunub.
Kitabın müəllifləri Nazim Vəlişov və Tahir Kazımlı, layihə rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Xalq yazıçısı, akademik Kamal Abdulla, layihəyə məsul icraçı direktor Rəvan Həsənov, elmi redaktoru isə AMEA-nın Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayevdir.
Əsasən dilçi, tarixçi, coğrafiyaşünas alim və tədqiqatçılar, eləcə də müəllim və tələbələr üçün nəzərdə tutulan kitab hamımızın bilməli olduğumuz tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir. Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında istifadəçilərə təqdim olunan kitab Qarabağ və Şərqi Zəngəzurun qədim türk-oğuz yurdu olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbədir.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.