ADMİU-nun prorektoru Elmi İşlər Üzrə Komitənin sədr müavini seçilib
Fevralın 21-də Avropa İttifaqının maliyyə dəstəyi ilə Bakı Biznes Universitetinin koordinatorluğunda həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması (ECAR) Layihəsi” çərçivəsində pilot olaraq yaradılmış Elmi İşlər üzrə Komitənin növbəti iclası keçirilib. İclasda açılış nitqi ilə çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov layihənin Azərbaycan ali təhsilinə verdiyi və verə biləcəyi töhfələr barədə ətraflı bəhs edib. Elmi İşlər Üzrə Komitənin fəaliyyətinin uğurunu və bu fəaliyyətin elmi tədqiqatlarda mövcud boşluqların dəyərləndirilməsində, eləcə də müvafiq sahələr üzrə universitetlərin arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.
İclasda layihə koordinatoru, Bakı Biznes Universitetinin Universitet-Sənaye İş Birliyi Şöbəsinin müdiri Gülşən Bayramova, layihə çərçivəsində görülən işlərə dair qısa hesabatla çıxış edib. O, layihənin icrası dövründə Azərbaycan universitetləri arasında güclü bir əməkdaşlıq şəbəkəsinin yaradıldığını bildirib.
Daha sonra layihə çərçivəsində pilot olaraq yaradılan Elmi İşlər Üzrə Komitəsinin sədri, i.ü.f.d Elçin Süleymanov komitənin 2023-cü ildəki fəaliyyətini əhatə edən hesabatı təqdim edib.
Elmi İşlər Üzrə Komitənin 2023-cü il fəaliyyətinin hesabatında ali təhsil müəssisələrində elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, qaynaqların əlçatanlığı, tədqiqatların istiqamətlərinin düzgün seçilməsi, elmi tədqiqat saatlarının artırılması və elm istiqamətinin populyarlıq qazanması kimi təkliflər öz əksini tapıb. Bu təkliflər, öz növbəsində, universitetlərin elmi-tədqiqat infrastrukturunun gücləndirilməsi, tədqiqatçıların təlimi və təmin edilməsi, elmi layihələrin maliyyələşdirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi kimi məqsədləri dəstəkləyir.
Yekunda Elmi işlər üzrə komitəyə yeni sədr seçilməsi üçün şəffaf səsvermə həyata keçirilib. Səsvermə əsasında Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova sədr, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Yaradıcılıq İşləri üzrə prorektoru Sədaqət Əliyeva və Bakı Ali Neft Məktəbinin tədqiqat və innovasiyalar şöbəsinin müdiri İlkin Axundov sədr müavini seçiliblər.
Komitə çərçivəsində həyata keçirilən fəaliyyətlər Azərbaycan ali təhsilində elmi tədqiqatların və elmin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımları əks etdirir. Bu fəaliyyətlər universitetlərarası əməkdaşlığı gücləndirməklə elmi tədqiqatların və innovasiyaların inkişafına töhfə vermək potensialına malikdir.