ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi “Sağlam insan və dayanıqlı gələcək” mövzulu yay məktəbində təmsil olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rusif Əliyev və həmkarlar ittifaqı fəalı olan tələblər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda təşkil edilmiş yay məktəbində iştirak ediblər.
6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə yay məktəbi təşkil edilib. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində təşkil edilmiş yay məktəbində həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin 120 tələbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi sədrləri və media nümayəndələri iştirak edib.
Yay məktəbi çərçivəsində sentyabrın 7-də “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə ATİAHİ Respublika Komitəsinin Sədri Araz Paşayev açaraq qeyd edib ki, hər ilin sentyabr ayında həmkarlar ittifaqı fəalı olan tələbələr üçün yay məktəbinin təşkil edilməsi ənənə halını alıb.
Bu ilki yay məktəbi “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2024-ci ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu il ərzində respublikamızda müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərin əsas məqsədi ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, ətraf mühitin sağlamlaşdırılması, təbii ehtiyatlardan qənaətlə və səmərəli istifadə etmə və bu kimi mövzularda müzakirələrin aparılmasıdır.
Həmçinin bu il Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəkdir. Bu tədbirdə də bütün dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
A. Paşayev qeyd edib ki, dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması istiqamətində fərd olaraq hər birimiz öz vətəndaşlıq vəzifələrimizi məsuliyyətlə yerinə yetirməliyik. Konfransın təşkil edilməsində də məqsəd həm həmkarlar ittifaqı təşkilatı olaraq, həm həmkarlar ittifaqı fəalı olaraq görə biləcəyimiz işləri müzakirə etmək, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərdən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən olunmuş Azərbaycanımıza öz tövhlərimizi verməkdir.
Sonra konfransda tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalı olan tələbələr çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini veriblər.
Həmçinin yay məktəbi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin həmkarlar ittifaqı fəalı olan tələbələri müxtəlif idman yarışları, intellektual oyunlarda aktiv iştirak etməklə asudə vaxtlarından səmərəli istifadə ediblər.