İstanbul Nişantaşı Universitetinin pedaqoqları Bakıda bir sıra işgüzar görüşlər keçiriblər
Xəbər verdiyimiz kimi, 06-15 dekabr 2024-cü il tarixlərində İstanbul Nişantaşı Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Festivalın əsas mövzusu “Is This the Real?” (Bu, realdırmı?) olaraq müəyyən edilib. Beynəlxalq kino festivalına Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, İsrail, Livan, Meksika, Norveç, Polşa, Türkiyə, Yunanıstan və başqa ölkələrdən filmlər qəbul ediləcək. Festival çərçivəsində film nümayişləri ilə yanaşı, elmi-praktiki konfranslar və seminarlar da təşkil olunacaq.
Azərbaycan kino tarixinin, çağdaş kino sənətinin və mədəniyyətinin qardaş ölkə kinosevərlərinə tanıdılması festivalın ən ümdə amallarındandır. İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin (ADMİU) birgə təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi müsabiqə çərçivəsində müəyyən edilmiş kateqoriyalar üzrə filmləri seçməklə yanaşı, həm də tamaşaçıların diqqətini Azərbaycan kino sənətinin qiymətli nümunələrinə yönəltməkdir.
Festival çərçivəsində Nişantaşı Universitetinin bir sıra pedaqoqu Bakıda səfərdədir. Onlar ADMİU-nun tələbələrinə ustad dərsi keçməklə yanaşı, həm də ADMİU-nun Kino-televiziya sənəti kafedrasının koordinatorluğu ilə işgüzar görüşlərə qatılırlar.
Həmin görüşlərdən biri sentyabrın 17-də Azərbaycan Respublikasının Kino Agentliyində baş tutub. Görüşdə Agentliyin rəhbəri Orxan Fikrətoğlu və əməkdaşları, ADMİU-nun Kino-televiziya sənəti kafedrasının müdiri Elnur Mehdiyev, Nişantaşı Universitetinin pedaqoqları Burcu Kurtiş, Mustafa Çelik, Tuna Yıldırım iştirak ediblər. Görüşdə sözügedən festival müzakirə olunub, Kino Agentliyinin bu layihələrdə iştirakı və maliyyə dəstəyi təmin edilib.
Sentyabrın 17-də növbəti görüş Nizami Kino Mərkəzində baş tutub. Mərkəzin yeni rəhbəri Əlisəttar Quliyevin də iştirakı ilə keçirilən görüşdə festivalda nümayiş olunacaq filmlər müzakirə edilib və seçilmiş 10 ən yaxşı audiovizual layihənin Nizami Kino Mərkəzində nümayiş etdirilməsi qərara alınıb.
Sentyabrın 18-də qonaqlar Azərbaycan Respublikası Kino İttifaqında olublar. İttifaqın sədri, Xalq artisti Rasim Balayevin, ADMİU-nun kafedra müdiri Elnur Mehdiyevin və ittifaq əməkdaşlarının iştirak etdiyi görüş səmərəli müzakirələrlə yadda qalıb. Bu festival çərçivəsində ilk dəfə olaraq Xalq artisti Rasim Balayev Türkiyədə keçirilən festivalda iştirak edəcək. Eyni zamanda ADMİU-nun Kino-televiziya kafedrasının müəllimlər- Xalq artistləri Oqtay Mirqasımov, Vaqif Mustafayev, Əməkdar İncəsənət xadimi Ayaz Salayev, Yusif Quliyev, İqbal Məmmədov, Fariz Əhmədovun filmləri festivalda nümayiş etdiriləcək. Eləcə də Oqtay Mirqasımov, Vaqif Mustafayev və Ayaz Salayev İstanbul Nişantaşı Universitetində ustad dərsləri keçəcəklər.
Sentyabrın 20-də ADMİU-nun kafedra müdiri Elnur Mehdiyev və türkiyəli qonaqlar Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova ilə görüşüblər. Səmərəli keçən görüşdə iki universitetin birgə təşkilatçılığı ilə baş tutacaq film festivalı haqqında ətraflı məlumat verilib, gələcək planlardan danışılıb. Həyata keçirilən və planlaşdırılan layihələri yüksək qiymətləndirən nazir müavini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi kimi həm iki universitet arasında, həm də ADMİU-nun Audiovizual sənətlər fakültəsinin keçirəcəyi bütün layihələrdə hər cür dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb.