Nişantaşı Universitetinin nümayəndələrinin Bakı səfəri başa çatıb
16-20 sentyabr tarixlərində Bakıda səfərdə olan Türkiyənin İstanbul Nişantaşı Universitetinin nümayəndə heyəti son gündə bir daha Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova ilə görüşüblər.
Qonaqları qəbul edən rektor Ceyran Mahmudova onların səfər təəssüratları ilə maraqlanıb, beş gün ərzində rəhbəri olduğu ali təhsil ocağında onlara ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib.
Rektor qeyd edib ki, iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən keçiriləcək birgə film festivalının ilk addımları kimi Nişantaşı Universitetinin pedaqoqlarının ADMİU-nun tələbələri üçün keçdikləri ustad dərsləri çox böyük uğurla yekunlaşıb və biz qarşımıza qoyduğumuz məqsədə nail olmuşuq.
C.Mahmudovanın sözlərinə görə, əsas məqsədi dost və qardaş ölkə Azərbaycanın kino sənətinin kinosevərlərə tanıdılması, yeni filmlərin dəyərləndirilməsi və Azərbaycanın kino tarixi, kino sənəti haqqında məlumatların Türkiyə auditoriyasına çatdırılması olan festivalın keçirilməsi iki universitetin son zamanlarda daha da artan Türk dünyası birliyinə növbəti töhfəsidir. Türkdilli xalqların birlik və həmrəyliyinin önəmini vurğulayan rektor Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının çox gözəl nümunə olduğunu, digər türkdilli xalqların da zamanla daha da birləşəcəyinə inandığını əlavə edib. Son günlərdə qəbul edilən ortaq türk əlifbasından danışan professor bildirib ki, bu, türkdilli xalqların bir-birinin kitablarını oxuması, sənət nümayəndələrinin bir-birinin əsərlərini səhnələşdirməsi, ekranlaşdırması üçün də önəmuli addımdır.
Bu mənada İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə keçirəcəyi beynəlxalq festival Azərbaycan kinosunun təbliği baxımından mühüm hadisədir. Festivalda, həmçinin Azərbaycanı təmsil edən filmlərin nümayişi nəzərdə tutulub. Bu əməkdaşlığın yaxın gələcəkdə birgə həyata keçiriləcək önəmli işlərin, layihələrin təməli olduğunu deyən rektor C.Mahmudova iki universitetin əlaqələrinin qardaş ölkələrin mədəni əlaqələrinin genişlənməyində də faydalı olacağına inandığını əlavə edib.
Daha sonra Nişantaşı Universitetinin İncəsənət və Dizayn Fakültəsi Kommunikasiya Dizaynı Bölümünün pedaqoqu Ziyad Quliyev, Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi, Radio, Kino və Televiziya bölümünün rəhbəri Burcu Kurtiş, Nişantaşı Universitetinin pedaqoqu Mustafa Çelik ADMİU-da keçdikləri ustad dərslərindən danışıb, tələbələrin öyrənmə həvəsini, çalışqanlıqlarını və kino sevgilərini xüsusi vurğulayıblar. Qonaqpərvərliyə görə başda ADMİU-nun rektoru, professor Ceyran Mahmudova olmaqla, bütün kollektivə öz təşəkkürlərini bildirən qonaqlar birgə layihələrin bundan sonra da daha geniş şəkildə keçiriləcəyinə inandıqlarını vurğulayıblar.
Görüşün sonunda tərəflər arasında xatirə hədiyyələrinin təqdimatı olub, xatirə fotosu çəkilib.