Sadəliyin səmimiliyində sənət eşqi – İlham Rəhimli yazır
Onu tələbəlik illərindən tanıyıram və həmişə sadəliyinə, səmimiyyətinə heyran qalmışam. Həm də hələ tanış olsam da, onunla ünsiyyət yaxınlığım yox idi. O, gənc müəllim kimi İncəsənət İnstitutunda (bugünkü Mədəniyyət və İncəsənət Universitetində) dərs deyirdi, uzaqdan-uzağa müəyyən rəğbətim vardı. Əslində onu özündən əvvəl sənəti ilə tanımışdım. 1968-ci ildə Akademik Milli Dram Teatrında diplom işi kimi hazırladığı bolqar dramaturqu Stefan Kostovun (30.03.1879-27.09.1939) “Falçı” tamaşasını görmüşdüm. Tamaşanın proqramında Fikrət Sultanovun adının qarşısında yazılmışdı: “Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun diplomçusu”. Teatr haqqında çox cüzi məlumatım vardı və buna görə də hər şeylə maraqlanırdım. İnstitutumuzun yataqxanasında qalan yuxarı kurs tələbələrindən onun barəsində soruşmuşdum. Demişdilər ki, Fikrət Sultanov rejissorluq fakültəsində Xalq artisti, Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun kursunu bitirib. Sonra öyrəndim ki, bizim instituta elə-belə gəlmir, burada əsasən rejissor, həmçinin aktyor sənətindən dərs deyir. Onu da bildim ki, “Falçı” tamaşasının premyerası 24 sentyabr 1967-ci ildə oynanılıb. Sonralar məlumat aldım ki, Moskvada məşhur rejissor-pedaqoq İosif Rayevskinin dram rejissoru ixtisası üzrə xüsusi kursunu bitirib. 1966-cı ildən pedaqoji fəaliyyətlə məşğuldur. Sonradan yaxından tanış oldum, səmimi ünsiyyətimiz yarandı. 20 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rejissorluq və aktyor sənəti kafedrasının müdiri, 5 il Teatr və kino sənəti fakültəsinin dekanı vəzifələrində işləyib. Bu gün də universitetdə dərs deyir, professordur, pedaqogika üzrə fəlsəfə doktorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deməklə yanaşı, çoxsaylı tədris proqramının, metodik tövsiyələrin, “Azərbaycan teatr təhsili” dərs vəsaitinin müəllifidir.
Quruluş verdiyi “Falçı” tamaşasında (rəssam Nüsrət Fətullayev, musiqi tərtibatçısı Nurəddin Fətullayev) Sadıq Hüseynov (Kəndxuda), Hökümə Qasımova (Pena), Ofeliya Məmmədzadə (Basilka), Məcnun Hacıbəyov (Keşiş), Əminə Yusifqızı (Sveta), Şahmar Ələkbərov (Manço), Fazil Salayev (Tamburo), Yusif İsgəndərov (Nako), Rafiq Əzimov (Xristo), Hamlet Xanızadə (Suyek), Cabbar Əliyev (Pristav) kimi aktyorlar çıxış edirdilər. Teatr tənqidi tələbə-rejissorun peşəkar səhnədə ilk işinə ciddi maraq göstərmişdi. Mətbuatda rejissor-pedaqoq Əliheydər Ələkbərovun “Gənc rejissorun ilk tamaşası” (“Ədəbiyyat və incəsənət”, 1 oktyabr 1966) və teatrşünas Cabir Səfərovun “Tamahdan doğan bəla” (“Bakı”, 3 oktyabr 1966) məqalələri dərc olunmuşdu.
Fikrət Sultanov istetad və bacarığını əsasən pedaqoji fəaliyyətə sərf etsə də, Akademik Milli Dram Teatrında Sabit Rəhmanın “Xoşbəxtlər (8 may 1968-ci il. Rəssam Adil Quliyev, bəstəkar Emin Sabitoğlu), bolqar ədibi Raço Stoyanovun “Qısqanc ürəklər” (rəssam Kamal Şıxəliyev. 26 dekabr 1970-ci il), Ramiz Fətəliyevin “Vəkil neyləsin?.. (rəssam Solmaz Haqverdiyeva, musiqi tərtibatçısı Marat Haşımov. 26 dekabr 1976-cı il), Gənc Tamaşaçılar Teatrında Yusif Əzimzadənin “Unutmayın” (rəssam Fuad Qafarov. 26 dekabr 1974-cü il), Nəcəf bəy Vəzirovun əsərləri əsasında “Yağış, yağmur və daldan atılan daş” (rəssam Elnur Babayev, musiqi tərtibatçısı İradə Muradova. 29 sentyabr 2007-ci il), Opera və Balet Teatrında bəstəkar Zakir Bağırovun Səməd Vurğunun poeması əsasında yazılmış “Aygün” operasını (şeirlər şairin oğlu Vaqif Səmədoğlunundur. Dirijor Rauf Abdullayev, rəssam Əyyub Fətəliyev. 28 yanvar 1973-cü il), Moskvanın Operetta Teatrında Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” (“Təbəssümünü gizlətmə” adı ilə. Rəqslərin quruluşçuları Maqsud Məmmədov və Rəfiqə Axundova idi. 29 iyul 1969-cu il) musiqili komediyasını tamaşaya hazırlayıb. “Qəzəlxan” bədii filmində Mircəfər Bağırov rolunu ifa edib.
Xaraktercə sakit təbiətli, insanlarla ilıq münasibət yaradan, ciddi adamdır. Ancaq rejissor yaradıcılığında komediyaya xüsusi maraq göstərib. Həssas yumor duyğusu, səmimi gülüş yaratmaq səriştəsi var. “Xoşbəxtlər”də milli karnaval estetikasının estetik prinsiplərindən məharətlə bəhrələnərək şən, oynaq, şux, xoş ovqatla qurtaran məişət komediyası təqdim edib. Vəziyyət komediyasının dramaturji qanunlarına uyğun olaraq daramatik xətti təmsil edən Nəsirov (Ağasadıq Gəraybəyli) və işçilər, lirik və zərif yumorlu Mürşüd (Fazil Salayev) və İnci (Ofeliya Məmmədzadə), Sadıq (Lütfi Məmmədbəyov və Kamal Xudaverdiyev) və Gülər (Səfurə İbrahimova), qaravəlli və məzhəkə oyun prinsipinə əsaslanan Bərbərzadə (Əliağa Ağayev və Ağahüseyn Cavadov) və Maral (Əminə Nağıyeva), satirik qroteskli Mirzə Qərənfil (Eldəniz Zeynalov və Aqşin Vəlixanlı ) və Bərbərzadə, Maral xərtlərini tamaşanın ideyasına və janr-üslub xüsusiyyətinə əsaslanaraq ahəngdər vəhdətdə birləşdirmişdi. Hətta Nəsirov və Usta Segah (Məmməd Sadıqov) dialoqunda dramatizmlə ironiyalı yumorun ifadə zənginliyinə əsaslanaraq koloritli səhnə yaratmışdı.
“Falçı” tamaşasında hadisələri hoqqalı məsxərə janrının prinsipləri əsasında dramatik və oynaq, məzəli ritm ahəngində qurmuşdu. Sırf real və koloritli cizgilərlə bolqar məişət adətlərinə əsaslanan hadisələrin səhnə təfsirində Azərbaycan gülüş estetikasına xas olan elementlərdən də məharətlə istifadə etmişdi. Sadıq Hüseynovun laübalı, Şahmar Ələkbərovla Əminə Yusifqızının lirik-dramatik, Hökümə Qasımovanın ikrah doğuran dar düşüncəli, Rafiq Əzimovla Ofeliya Məmmədzadənin hərdəmxəyal, köntöy təsiri bağışlayan obrazları ümumi şəkildə kompozisiyada qırılmaz tellərlə bağlanmışdı.
“Aygün” operası monumental formada, lirik-emosional, dramatik-psixoloji üslubda hazırlanmışdı. Rejissor bu operada özünün həssas musiqi duyumunu, opera janrının estetik qanunlarına bələdliyini yüksək sənətkarlıqla nümayiş etdirmişdi. Operanın qəhrəmanı Aygünün partiyasını Dilarə Babayeva, Gülnarə Əhmədova və Xədicə Babayeva, onun əsas yöndaşı Əmirxanın partiyasını Faiq Mustafayevlə Əli Haqverdiyev oxuyurdular.
“Qafqazlı qardaşqızı” operettasında isə rus aktyorlarının ifasında koloritli müxtəlif xarakterlı azərbaycanlı obazlarının canlı, ətli-qanlı, tamaşaçılara xoş ovqat bağışlayan personajların təbiiliyinə peşəkarcasına nail ola bilmişdi. Elə bədii dəyərinə, cazibəli yumoruna, dərin musiqi koloritinə, rejissor təfsirinin dəqiqliyinə və aydın ifadəliliyinə görə tamaşa bir ildə 100 dəfə oynanılmışdı.
“Yağış, yağmur və daldan atılan daş” komediyasında Fikrət Sultanov cəsarətlə janrlar toplusunun təbii, real buketini yaratmışdı. Tamaşada qrotesk, ironiya, hoqqa, məzhəkə, satira, məsxərə, qara komediya, buffonada, qaravəlli elementləri vahid üslub şəklində tamaşanın ali məqsədinə, ideyanın ictimai-sosial gücünün ciddiliyinə xidmət edir, dramaturqun gülüşünün kəsər və psixoloji təsir gücünü artırırdı.
Yusif Əzimzadənin “Unutmayın” dramı müharibə mövzusunda idi və əsər Krasnodar gənc qavardiyaçılarından, oradakı azərbaycanlı Əli Dadaşovun rəşadətli qəhrəmanlığından bəhs edirdi. Rejissor bu tamaşanı müharibə şəhidlərinin unudulmaz xatirəsinə həzin elegiya tərzində hazırlamışdı. O, bitkin aktyor ansamblı yaratmağa nail olmuşdu. Ağaxan Salmanov (Sergey Tülenin), Azər Mirzəyev (Əli Dadaşov), Mübariz Əlixanoğlu (Styopa Safonov), Yasin Qarayev (Volodya Kulikov), Sona Babayeva (Mayya Peqlivanova), Süleyman Ələsgərov (Əsədulla kişi), Məxfurə Yermakova (Anna Dmitriyevna), Rəhilə Məlikova (Nərgiz), Məmmədağa Dadaşov (Starosta) öz ifalarında yüksək sənətkarlıq nümayiş etdirirdilər.
“Kommunist” qəzeti (bugünkü “Xalq qəzeti”) 27 fevral 1975-ci il tarixli sayında yazırdı: “Tamaşada konflikt insan cəlladları, ölüm carçıları olan faşist işğalçıları ilə azadlıq, səadət, xoşbəxtlik, sülh müdafiəçiləri arasındadır. Hadisələrin də əsas məğzini bu mübarizə və sülh mübarizlərinin fəaliyyəti təşkil edir. İdeya, müəllif, rejissor məqsədləri də bu nöqtədə açılır. Tamaşada bir neçə yardımçı xətt olsa da, əsas hadisələr Əli Dadaşovla bağlıdır və digər obrazların mənəviyyatı, daxili aləmi də əsasən bu surətlə əlaqəli epizodlarda, münasibətlərdə, toqquşma və münaqişələrdə aydınlaşır”.
Fikrət Sultanov öz ixtisasına yüksək bacarıqla yiyələnmiş pedaqoqdur, həm sənətin nəzəri əsaslarını, həm də vacib təcrübi incəliklərini dərindən bilir. Tələbələrlə işində tələbkar, ciddi olduğu qədər də səmimidir, qayğıkeşdir. Fərdi şəkildə hər tələbənin öz daxili imkanları, bacarıq və qabiliyyətləri zəminində işləməyi, onların daxilindəki sənət sevgisinə işıq salmağı peşəsinin əsas qayəsi sayır. Buna görə də universitetin kollektivində xüsusi hörmət və ehtiram qazanıb.
Mən Fikrət Sultanovun quruluş verdiyi tamaşaları geniş təhlil etmək fikrində deyiləm və heç qəzet məqaləsi də həcminə görə geniş təfərrüata imkan vermir. Sadəcə olaraq onun sənətkarlığının bir neçə dəyərli və qabarıq nəzərə çarpan keyfiyyətini oxucuların nəzərinə çatdırmaq istəyirəm.
Fikrət Sultanov hazırladığı tamaşaların səhnə janrını çox dəqiqliklə təyin edə bilir və müəyyənləşdirdiyi janrın dəqiq üslubda realizə olunmasını prşəkarcasına bacarır.
Yardımçı epizodları ana xətlə qırılmaz tellərlə bağlamaqda yüksək peşəkarlıq səriştəsinə malikdir.
Mürəkkəb və qarışıq janrlı tamaşada ölçü həddini, ifadə dərəcəsini həssaslıqla müəyyənləşdirir.
Mövzuya, janra uyğun olaraq aktyor seçimində çox tələbkardır və ansambl bütovlüyünün ecazkar vəhdətinə nail olmaqda ustadır.
Rejissor kimi əsasən “aktyor tamaşası” təqdim etməyi xoşlayır və buna peşəkarlıqla nail olur. Onun tamaşalarının hüsnü, təravəti məhz aktyor ifalarında daha aydın şəkildə nəzərə çarpır…
Beləliklə, ad gününə geciksəm də, Fikrət Sultanovun yeni tamaşasını görmək arzusu ilə, gözəl sənətkara ehtiram və məhəbbətlə yazıma imza atıram.