QS Beynəlxalq Reytinq Agentliyi ilə universitetlərin əməkdaşları arasında görüş keçirilib
Sentyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin evsahibliyi ilə QS Beynəlxalq Reytinq Agentliyinin konsaltinq komandasının Azərbaycanın 25-ə yaxın ali təhsil müəssisələrinin reytinqlər üzrə məsul şəxsləri ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) beynəlxalq reytinqlər üzrə məsul şəxs, beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov iştirak edib.
Görüşdə çıxış edən EATDA-nın direktor müavini Nicat Əsədli ali təhsil müəssisələrinin fəaliyyətinin ölçülməsində reytinqlərin vacib alət olduğunu qeyd edib, ölkəmizdə beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması istiqamətində müəyyən olunmuş strateji hədəflər və bu hədəflərə nail olunması üçün həyata keçirilən işlər barədə məlumat verib.
Daha sonra QS konsaltinq komandasının nümayəndələri “Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq tərəfdaşlıq şəbəkəsi”, “Məşğulluq və işəgötürənlər arasında nüfuz”, “Davamlılıq” və digər mövzularda təqdimatla çıxıb ediblər.
Sonda Azərbaycan ali təhsil müəssisələrinin QS reytinqlərində mövcud vəziyyətinə dair müqayisəli təhlil nəticələri təqdim olunub.