Şəhid Ravil Hümbətovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 sentyabr-Vətən müharibəsinin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə ADMİU-nun şəhid məzunu Ravil Hümbətova həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADMİU TGT-nin sədri Fidan Mikayılzadə günün önəmindən danışıb, gənc nəslin heç zaman öz tarixini və başda Ravil Hümbətov olmaqla Azərbaycan suverenliyi uğrunda canından kemiş şəhidlərimizi unutmayacağını deyib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva çıxış edərək bu günü Azərbaycanın ən müasir tarixinin başladığı gün kimi dəyərləndirib. O, zəfərin 44 gündə qazanılsa da, zəfərə gedən yolun 30 ildən bəri gəldiyini vurğulayıb. Birinci Qarabağ müharibəsi dövrlərini xatırlayan prorektor xalqımızın çox böyük sınaqlardan alnıaçıq, üzüağ çıxdığını və qələbə əzmini heç zaman itirmədiyini əlavə edib.
Sonra ADMİU-nun Vətən müharibəsində iştirak etmiş məzunları, şəhid Ravil Hümbətovun həyat yoldaşı və tələbə yoldaşları çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra R.Hümbətova həsr olunmuş video çarx yayımlanıb.
Tədbir bədii hissə ilə davam edib.