Hörmətli kitabsevərlər!

Sizi regionun ən böyük beynəlxalq kitab sərgisinə dəvət edirik.

ADMİU-nun Kitabxana-informasiya mərkəzi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisində (Baku International Book Fair – 2024) təmsil olunacaq. Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub.

Kitab bayramı çərçivəsində ziyarətçilər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərginin ilk günündə ADMİU-nun professor-müəllim heyətinin iştirakı ilə saat 13-də “Lütfi Zadə” təqdimat zonasında “Teatrın sehri” mövzusunda teatrşünaslarla görüş, saat 15-də “Yaşıl zona” təqdimat zonasında “Retro-kino zalı” mövzusunda kinoşünaslarla görüş təşkil olunacaq.

Sərgi zamanı gün ərzində ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişləri təmin ediləcək.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarətçilər üçün ödənişsiz fəaliyyət göstərəcək.