ADMİU X BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ TƏMSİL OLUNUR

Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.
Açılış mərasimində milli musiqi incilərindən parçalar səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayaraq, bu hadisənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. “Kitab həmişə yaşasın və bizi yaşatsın”, – deyə o bildirib.

Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.

Açılış mərasimində ölkəmizin görkəmli elm adamları, xarici dövlətlərin səfirləri, millət vəkilləri, tanınmış mədəniyyət və ədəbiyyat nümayəndələri, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova iştirak ediblər.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də ADMİU X Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir. ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin stendində ADMİU-nun professor-müəllim heyətinin son beş ildə çap olunmuş əsərləri, eləcə də profilə uyğun tədris ədəbiyyatından ibarət nəşrlər sərgilənir.

Ölkəmizin bir çox universitet kitabxanaları, yerli və xarici nəşriyyatlar, o cümlədən kitab mağazalarının təmsil olunduğu sərgidə mədəniyyət və incəsənətə dair dəyərli əsərlər kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Mədəniyyət naziri Adil Kərimli, Mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Fərid Cəfərov, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkili Günay Əfəndiyeva və digər qonaqlar ADMİU-nun stendini ziyarət edib, sərgilənən nəşrlərlə bağlı öz fikirlərini bölüşüblər.
İlk gün ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə teatrşünaslıq ixtisası üzrə pedaqoqlarla sərgi ziyarətçilərinin görüşü keçirilib. “Teatrın sehri” adlı görüşdə tanınmış teatrşünaslar- ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi professor Aydın Talıbzadə, Əməkdar İncəsənət Xadimi, professor Məryəm Əlizadə, Əməkdar İncəsənət Xadimi, professor İlham Rəhimli, Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüb, maraqlı müzakirələr aparıblar.

ADMİU-nun kafedra müdiri, Əməkdar artist, professor Azad Şükürovun Məhəmməd Füzuli poeziyasından söylədiyi qəzəllər tədbirə xüsusi rəng qatıb.

Sərgidə ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova, əməkdaşlar Natiq Mürsəlov, Sədaqət Bağırova və könüllü tələbələr yaxından iştirak edirlər.

Oktyabrın 8-nə kimi davam edəcək Beynəlxalq Kitab Sərgisi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında tədbirlər təşkil olunacaq.