ADMİU-nun rektoru Cəbrayıl Şəhər Günündə iştirak edib

4 oktyabr Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğma şəhərlərində qeyd edilib.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak ediblər.

ADMİU-nun müəllim və tələbələrinin, eləcə də mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi konsert proqramı ilə başlayan tədbir çərçivəsində rayonun qədim və müasir tarixini, mədəni irsini əks etdirən sərgilər də nümayiş olunub.

Sözügedən sərgilərdə ADMİU-nun Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət əsərlər də yer alıb.

Qeyd edək ki, Vətən müharibəsinin səkkizinci günü – oktyabrın 4-də Cəbrayıl şəhəri və ətraf kəndlər düşməndən təmizlənib. Ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.