Azərbaycan musiqisinin Qərbdəki siması- Xədicə Zeynalova
“Vətəni sevmək azdır, onu qorumaq gərək,
“Vətənim”-demək azdır, Vətənin olmaq gərək”
– deyib mərhum şairimiz Cabir Novruz. Əsl vətəndaş olduğu yerdən, zamandan asılı olmayaraq hər daim Vətənini adında, əməlində, yaddaşında və ruhunda yaşadan, yaşatdırandır.
Həyatını və yaradıcılığını Azərbaycan adlı məmləkətin qədim, zəngin mədəniyyətinin, incəsənətinin təbliğinə həsr edən, Vətənin sərhədlərindən kənarda Vətən olan həmyerlilərimizdən biri də bəstəkar, musiqişünas alim Xədicə Zeynalovadır.
Uzun illərdir Almaniyada yaşayan və fəaliyyət göstərən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı və sədri Xədicə Zeynalova Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı adına layiq görülüb. Almaniyada “Harmony of sound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri olan həmvətənimiz Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti, Almaniya, Hollandiya, İngiltərə, Azərbaycan və Yaponiyada çap edilən sayca 40-dan çox elmi kitab, əsər və dərsliklərin müəllifidir.
Haqqında danışdığımız Xədicə xanım Zeynalova Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gəlib. Səkkizinci sinifədək 27 nömrəli məktəbdə oxuyub. 1990-1994-cü illərdə Sumqayıt Musiqi Kollecində musiqi nəzəriyyəsi üzrə, 1994-2000-ci illərdə Bakı Musiqi Akademiyasında bəstəkarlıq və musiqişünaslıq üzrə bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
Sevindirici haldır ki, ölkəmizdə və ölkədən kənarda saysız-hesabsız yaradıcılıq uğurları qazanan, yorulmadan və bitməz-tükənməz enerji ilə, eşqlə Azərbaycan musiqisini bütün dünyada tanıdan, təbliğ edən Xədicə xanımın yolu zamanında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən keçib. Belə ki, 2000-2005-ci illərdə universitetdə dosent kimi pedaqoji fəaliyyətlə məşğul olan alim Azərbaycan musiqi sənətinə neçə-neçə peşəkar musiqiçi bəxş edib.
2005-2006-ci illərdə Almaniyanın məşhur Detmold Konservatoriyasında bəstəkarlıq üzrə təhsilini davam etdirib. 2006-2012-ci ildə Almaniyanın Paderborn Universitetində doktoranturada ilk azərbaycanlı bəstəkar və musiqişünas olaraq “Azərbaycanın 20-ci əsr musiqi mədəniyyəti və Qərb musiqisinin təmayülləri” mövzusunda dissertasiyasını böyük uğurla və fərqlənmə ilə müdafiə edib. Bu dissertasiya Almaniyada Azərbaycan musiqi mədəniyyəti haqqında yazılan 400 səhifəlik ilk elmi iş və kitabdır.
1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan X.Zeynalovanın mükafat almış bir çox əsərləri Almaniyada, Avstriyada, İngiltərədə, Macarıstanda, Omanda, Türkiyədə, İtaliyada, Fransada, İsveçrədə, Şimali Kiprdə, Gürcüstanda, Kanadada, Birləşmiş Ştatlarda, Yunanıstanda və digər ölkələrdə müasir musiqi konsertlərində və Beynəlxalq Musiqi Festivallarında uğurla ifa edilib. Qeyd etmək lazımdır ki, bəstəkarın bir çox əsərləri Almaniyanın müxtəlif şəhərlərində uğurla ifa olunaraq MDR Radio, WDR Radio, Deutschlandfunk, Radio Bremen, SWR Radio, Cosmo Radio, RBB Berlin Radiolarında yayımlanıb.
2000-ci ildə X.Zeynalovanın “Simfonik Poema” əsəri Azərbaycan Respublikasında bəstəkarlıq üzrə keçirilən “İlin ən yaxşı əsəri” adlı müsabiqədə Simfonik əsər nominasiyasında birinci yerə layiq görülüb. Mükafatlandırılma zamanı Ümummilli Lider Heydər Əliyev cənabları şəxsən bəstəkarı təbrik edərək diplomla təltif edib.
İlk azərbaycanlı bəstəkar və musiqişünas olaraq Xədicə Zeynalova Almaniyada nüfuzlu Friedrich-Ebert-Stiftung Doktor Təqaüdü mükafatı, DAAD Təqaüdü mükafatı, Almaniya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, Almaniya Şimali Reyn Westfaliya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, GVL Fondunun Təqaüdü mükafatı, GEMA Fondunun və Musikfonds Fondunun Təqaüdü mükafatı laureatıdır.
X.Zeynalova 2020-ci il Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə” Təşəkkürnamə, 2021-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Nizaminin 880 illiyi” medalı ilə, həmin il Nizami və Yunus Əmrə İlində TÜRKSOY-un təşkil etdiyi “Türk Dünyasının Şah əsərləri” layihəsində bəstəkar kimi “Təşəkkürnamə” və 2022-ci ildə Azərbaycan Mədəniyyətinin beşiyi Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında “Azərbaycan Respublikasının Diaspor Fəalliyyətində xidmətə görə” medalı ilə təltif edilib.
Həmvətənimiz 2005-ci ildən- Almaniyada yaşadığı dövrdən bəri Azərbaycanın musiqi sənətini tanıtmaq və təbliğ etmək məqsədilə müəyyən konsertlərin və festivalların təşkil olunmasında fəal iştirak etməkdədir. O, Almaniyada yaratdığı “Bridge of Sound” (“Səsin körpüsü”) adlı orkestri ilə bir çox uğurlu konsert və layihələri müvəffəqiyyətlə təşkil edərək Azərbaycanın zəngin musiqi mədəniyyətini layiqincə təmsil və təbliğ edir.
2017-ci ildə Almaniyanin Bonn şəhərində keçirilən “Beethovenfest 2017” Beynəlxalq musiqi festivalında X.Zeynalovanın dünya şöhrətli bəstəkar Bethovenin xatirəsinə həsr etdiyi solo fortepiano üçün yazılmış “In Memoriam Ludwig van Beethoven” əsərinin primyerası baş tutub.
Bəstəkar 2021-ci il noyabr ayında “Zəfərə doğru”- böyük zəfərimizə həsr edilmiş “Harmony of Sound” adlı ilk Alman-Azərbaycan beynəlxalq Musiqi Festivalı təşkil edib. “Odlar diyarından” adı ilə Azərbaycanın zəngin musiqi mədəniyyətinə həsr edilmiş Beynəlxalq Musiqi Festivalı Almaniyada 3 gün ərzində 3 müxtəlif şəhərdə böyük uğurla baş tutub. Festivalda iştirak edən xarici qonaqlara, Almaniyada yaşayan azərbaycanlı həmvətənlərimizə, Diaspora nümayəndələrinə, Alman KİV nümayəndələrinə və tamaşaçılara “Xarı Bülbül” döş nişanı təqdim edilib. Festival Almaniya Mədəniyyət Nazirliyi, Detmold şəhər Bələdiyyəsi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən maliyyələşdirilib.
2022-ci il noyabrın 8-də Almaniyanın Berlin şəhərində “Zəfərə doğru” Zəfərimizə həsr edilmiş konsert və beynəlxalq tərkibli “Bridge of Sound” orkestrinin ifasında 4 hissəli “Şuşa” sinfoniyasının premyerası keçirilib
Musiqişünas alimin “Odlar diyarından Azərbaycan Almaniya arasında körpülər” adlı ilk CD albomu Azərbaycan Demokratik Respublikasının 100 illik Yubileyinə həsr edilib.
Bəstəkarın Alman- Azərbaycan dostluq münasibətlərinin 200 illiyinə həsr olunmuş “Henrix və Leyla” CD layihəsi isə Amerika Birləşmiş Ştatlarında 2022-ci ilin may ayında CD albomu kimi işıq üzü görüb.
2023-cü ildə bəstəkarın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş kitabları, böyük simfonik orkestr üçün yazdığı “Qarabağ Simfonik Poeması” və solo fortepiano üçün bəstələdiyi “Qarabağ Süitası” əsərləri Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.
Alman-Azərbaycan diplomatik əlaqələrinin 25 illik yubileyinə həsr olunmuş “Odlar ölkəsi Azərbaycandan lövhələr” adlı konserti, Almaniyanın Aachen şəhərində keçirilən konsertində Şuşaya həsr olunmuş “Lamento” əsərinin ifası, Almaniyanın Oldenburq Universitetində keçirilən, Müasir Musiqiyə və bəstəkarlığa həsr olunmuş Beynəlxalq Bəstəkarlıq kollegiumunda „Odlar ölkəsi Azərbaycandan lövhələr” başlığı ilə “Azərbaycan musiqisinin təqdimatı” mövzusundakı prizentasiyası, 2022-ci ildə “Sülh naminə/Für den Frieden/For Peace”, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “İn Memoriam” konsertləri bəstəkarın növbəti yaradıcılıq uğurları kimi böyük önəm daşıyır.
5 noyabr 2023-cü il tarixində ilk dəfə 10 pianoçu tərəfindən yalnız qadın bəstəkarların yaratdığı 53 əsərin dünya premyerası baş tutub. Bu əsərlərdən biri azərbaycanlı bəstəkarın “Diabelli üçün vals” əsəri olub. İstedadlı bəstəkarımızın kompozisiyası 53 əsər arasında ən yaxşı əsər kimi tanınıb və nəşr mükafatını qazanıb. Bu kompozisiya məşhur Furore-Verlag alman nəşriyyatı tərəfindən Antologiya kitabına salınan 50 əsərdən biridir.
Cari ildə Xədicə Zeynalova Almaniyada ilk azərbaycanlı bəstəkar kimi Almaniya Mədəniyyət Nazirliyinin və Klosterlandschaft OWL-in “İlin bəstəkarı və İncəsənət Xadimi” adlı nominasiyaya layiq görülüb. Bu il ərzində bəstəkarın silsilə müəllif konsertlərinin və müxtəlif əsərlərinin ifası ilə Almaniyanın müxtəlif şəhərlərində silsilə festivalların və tədbirlərin keçirilməsi nəzərdə tutulub.
“Musiqi mənim üçün duyğularımı, düşüncələrimi və fikirlərimi çatdıran zaman hisslərimi səmimi və açıq ifadə edə biləcəyim dildir”-deyən bəstəkar üçün musiqi həm də milli kimliyinin qürurlu ifadəsi, dünyanın harasında olmasından asılı olmayaraq, “azərbaycanlı” adının təbliğidir. Sadaladığımız faktlar bəstəkarın zəngin yaradıcılığının və uğurlarının sadəcə bir hissəsidir. Amma o faktlar belə göstərir ki, Xədicə xanım təkcə Azərbaycan musiqisini deyil, Azərbaycan tarixinin önəmli hadisələrini, bəzən dünyanın göz yummağa çalışdığı gerçəkləri də məhz musiqisi və konsertləri ilə tanıtmağa, təbliğ etməyə israrlıdır. Bu yolda həmvətənimizə daha böyük uğurlar arzu edirik!