Tanınmış arxeoloq Latife Summerer ADMİU-da ustad dərsləri keçib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Strateji inkişaf planında əks olunmuş “Təhsil mühitinin inkişafı” məqsədinin icrası ilə bağlı tanınmış arxeoloq professor, dr. Latife Summerer ADMİU-da “Muzeyşünaslıq, arxeologiya və mədəni irsin qorunması” mövzusunda ustad dərsləri və təlimlərin keçirilməsi üçün universitetə dəvət edilib.
Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) professoru, doktor Latife Summerer Münhendə Lüdviq-Maksimilian Universitetində Klassik arxeologiya, qədim tarix və etnologiya ixtisası üzrə təhsil alıb, həmin universitetdə 1996-cı ildə Klassik arxeologiya üzrə doktorluq dərəcəsinə yiyələnib. Türkiyə və Şimali Kiprdə Tatarlı, Kelendə Böyük Menderes çayının mənbəyindəki Akamenet şəhəri, Roma şəhəri Pompeiopolis, Kilikiya bölgəsindəki qədim Olba şəhəri, Sazlıköydə Livadya layihələrini həyata keçirib.
Dərs və təlimlərdə Universitetin Muzeyşünaslıq, Təsviri sənət tarixi və nəzəriyyəsi və Sosial-mədəni fəaliyyət kafedrasının professor-müəllim heyəti, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri mədəni irs və arxeologiya üzrə tədqiqatlarda ən yeni elmi yanaşmalar barədə mühazirələr dinləyiblər.
14-18 oktyabr tarixlərində baş tutan təlimlər “Geofizika, CİS (Coğrafi informasiya sistemi), rəqəmsal sənədləşmə”, “Arxeologiyada virtual intellektdən istifadə”, “Müharibə və münaqişələrdə mədəni irsin qorunması”, “Beynəlxalq qanunvericilik”, “Mədəni irsin qorunması”, “Rəqəmsal bərpa”, “Qoruyucu damlar”, Türkiyə və Kiprdə tamamlanmış və davam edən arxeologiya və muzey layihələri və s. mövzuları əhatə edib.
17 oktyabr tarixində ustad dərsi və təlimlər Milli Azərbaycan Tarixi Muzeyində “Muzey pedaqogikası”, “Arxeologiya və turizm”, “Turizm üçün qorunan ərazilərin açılması”, “Muzeylərin təhsildə rolu” mövzularında keçirilib Təlimlərdə Milli Azərbaycan Tarixi Muzeyinin müxtəlif şöbələrinin əməkdaşları, ADMİU-nun müəllim və tələbələri, o cümlədən, qazaxıstanlı muzeyşünaslar iştirak ediblər. Tələbələr və Muzey əməkdaşları üçün eksponatların təqdimatı mövsuzunda praktiki təlim baş tutub.
Sonda iştirakçılara setifikatlar verilib və xatirə şəkli çəkilib.