Azərbaycanlı xanım beynəlxalq müsabiqənin qaliblərindən olub

Bu günlərdə Özbəkistanın Daşkənd şəhərində keçirilən X Beynəlxalq Müasir İncəsənət Biennalesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Məhbarə Abbasovanın “Görünməyən aləmlər” kurator layihəsi ikinci yerə layiq görülüb. Layihənin rəssam iştirakçıları Nərgiz Əsgərova, Emin Mathers, Şəlalə Salamzadədir. 

Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Biennaledə ümumilikdə 42 ölkədən 60-dan çox rəssam və kurator iştirak edib. Biennale çərçivəsində münsiflər heyəti beş fərqli ölkədən dəvət edilib. Biennalenin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Suxrob Kurbanov olub. 

Biennalenin təntənəli bağlanış mərasimində qran-pri mükafatına fotoqraf Vladimir Qonçarenko (Özbəkistan), 1-ci yerə yaradıcı duet olan Mirvohid Mirsayidov və Ruşanə Alimova (Özbəkistan), 2-ci yerə Məhbarə Abbasovanın kurator layihəsi (Azərbaycan) və 3-cü yerə Ketrin Sara Yanqın video-art və instalyasiyası (Avstraliya) layiq görülüb, 10 nəfər iştirakçı isə həvəsləndirici diplomla təltif edilib. Qeyd edək ki, bütün iştirakçılara, həmçinin, sertifikatlar təqdim olunub. 

Həmçinin, Məhbarə Abbasova Özbəkistan Bədii Akademiyasının təşkilatçılığı ilə X Daşkənd Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində keçirilən “Müasir incəsənətdə millilik və universallıq: dərketmə və şərhin unikallığı” beynəlxalq elmi-praktik konfransında “XXI əsr Azərbaycan incəsənəti: mədəniyyət və texnologiyanın təsiri” məruzəsi ilə də çıxış edib.