SABAH qrupu tələbələrimiz Moskvadan mükafatla qayıdırlar…

Xəbər verdiyimiz kimi, ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) 11-19 noyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak ediblər.

Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” tamaşası ilə uğurlu çıxış ediblər.

Tamaşadan sonra Rusiya, Qırğızıstan, Özbəkistan və digər ölkələrin tanınmış teatr mütəxəssisləri, eləcə də gənc teatrşünaslar tamaşa haqqında, xüsusən, aktyor oyunu, kollektiv iş və rejissor işi ilə bağlı yüksək fikirlərini dilə gətiriblər.

Noyabrın 18-də baş tutan bağlanış və mükafatlandırma mərasimində ölkəmizi təmsil edən tələbələrimiz multikulturalizm ideyalarının uğurlu təbliğinə görə mükafat və diploma layiq görülüblər.

Tamaşanın quruluşçu rejissoru SABAH Mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev, səhnə danışığı müəllimi professor Nadir Hüseynovdur.