Ümummilli Lider Heydər Əliyev ADMİU-da anılıb

Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

“Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdən əvvəl iştirakçılar Heydər Əliyevin büstünü ziyarət edib, önünə çiçəklər düzüblər.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözüylə açan Universitetin rektoru, professor Ceyran Mahmudova bildirib ki, hər il Ulu öndərin anım günü, eləcə də doğulduğu gün ərəfəsində ənənəvi olaraq onun xatirəsi ADMİU-da yad edilir, onun haqqında tədbirlər, dəyirmi masalar, elmi seminarlar, sərgilər keçirilir.

Rektor qeyd edib ki, Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğıyla yanaşıb: “O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı”-deyə C.Mahmudova əlavə edib.

Sonra Ümummilli Liderin şərəfli ömür yolundan bəhs edən video-çarx təqdim olunub.

Daha sonra ictimai-siyasi xadim, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Heydər Əliyev dühasıyla bağlı xatirələrini bölüşüb, onun həyatı, siyasi irsi haqqında geniş məruzəylə çıxış edib. O, Ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyətini Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafına və möhkəmlənməsinə həsr etdiyini vurğulayıb. Ş.Əsgərov H.Əliyevi tarixi şəxsiyyət, dahi lider, ictimai mənaeyini hər şeydən üstün tutan əvəzolunmaz insan kimi şərh edib.

Professor onu da xüsusi qeyd edib ki, H.Əliyevin ən böyük arzusu Qarabağımızın düşmən işğalından azad olunması idi. Bu müqəddəs missiyanın öhdəsindən isə onun varisi, layiqli davamçısı Prezident İlham Əliyev layiqincə gəldi və suverenliyimizi bərpa etdi.

Sonda rektor C.Mahmudova professor Şahlar Əsgərova və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, Heydər Əliyevin qəlblərdə, xatirələrdə, Azərbaycan tarixində əbədi yaşayacağını bir daha vurğulayıb.