2024-cü ilin son Elmi Şura iclası keçirilib

Dekabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2024-cü ilinə olan son Elmi Şura iclası keçirilib.

İclası giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova 2024-cü ilin ölkəmiz və universitetimiz üçün önəmindən danışıb, qazanılan uğurları qeyd edib. Rektor bildirib ki, ilk dəfə olaraq bütöv, suveren Azərbaycanda Prezident və Parlament seçkiləri keçirildi ki, bu da tarixi hadisələrdən biridir. Eyni zamanda C.Mahmudova əlavə edib ki, bu ilin ən əlamətdar hadisələrindən biri kimi ən böyük beynəlxalq konfrans olan COP 29 konfransının Azərbaycanda keçirilməsini qeyd edə bilərik.

Həmçinin, xanım rektor çıxışında bildirib ki, insan taleyi kimi xalqların da taleyində sevinclə kədər ortaqdır. 2024-cü il də xalqımız üçün sevincli hadisələrlə yanaşı, kədərli anlarla da yadda qaldı. Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğramasını ən böyük faciələrdən biri kimi adlandıran rektor qəza nəticəsində həlak olan günahsız insanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Bir dəqiqəlik sükutdan sonra təyyarə qəzasında dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyib.

Sonra rektor 2024-cü ildə ADMİU-nun uğurlarından danışıb. Bildirib ki, cari ilin may ayında TÜRKSOY-la birgə keçirilən TÜRKSOY Tələbə Tamaşaları Festivalı universitet tariximizin ən əlamətdar və uğurlu tədbirlərindən biri kimi təkcə ölkəmiz deyil, eləcə də Türk dünyası üçün yaddaqalan oldu.

Açılış nitqindən sonra ənənəvi olaraq bu dəfə də iclas son Elmi Şura iclasından keçən vaxt ərzində uğur qazanan tələbələrin, müəllimlərin təltifi, yubileyi qeyd olunan əməkdaşların təqdimatı ilə başlayıb.

Daha sonra iclas gündəlikdəki məsələlər və universitetə qəbulla bağlı hesabatlarla davam edib.

Sonda rektor hər kəsi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib, 2025-ci ilin universitetimiz və xalqımız üçün düşərli, uğurlu illərdən biri olmasını arzulayıb.