MİLLİ RƏSSAMLIQ MƏKTƏBİNİN TƏBLİĞİNƏ YENİ TÖHFƏ

Təbiət mənzərəsinin, hərhansı hadisənin və yaxud insan portretinin sadəcə təsviri deyil, həm də bədii ifadə vasitələrinin köməyi ilə dövrün əsl simasını, ahəngini, xarakterini əks etdirən tarixi sənədlər olan rəngkarlıq, qrafika, heykəltaraşlıq və digər sənət əsərlərinin təbliği məqsədilə yeni layihə həyata keçirilib. BP şirkətinin incəsənət mərkəzləri, muzeylər, qalereyalar və kitabxanalar, habelə sənətsevərlərə hədiyyəsi olan layihə çərçi­və­sin­də “Azərbaycan təsviri incəsənəti” adlı internet portalı hazırlanıb. Həyatı praqmatizm ruhu və adiliklərlə dolu tamaşaçıya hardasa lap yaxınlıqda, onun gündəlik həyə­canlan­ma­la­rına paralel olaraq, mənəvi dəyərlər və harmoniya dünyasının, gözəlliyi daxil­dən gör­mə­yi bacaran və bütün maddiyyatın öz mənasını itirdiyi saf bir dünyanın mövcud olduğunu xatırlatmaq məqsədilə yaradılan elektron resurs mənəvi məhsulun maddiləşməsi olmaqla həmişə əlçatandır, keçmişin mədəni irsi ilə ünsiyyət yaratmaq üçün daim açıq olan kanaldır. Sənətsevərlərin istədi vaxtda və məkanda portalı ziyarət etmək, oradakı bilgiləri oxuyub mənimsəmək, şəkillərə baxmaq və ruhu ilə həmahəng olan şedevrlə – Azərbaycan təsviri sənətinin qızıl fondu hesab edilməyə layiqli əsərlərlə təkbətək qalmaq imkanı vardır. Həmçinin, incəsənətə aid portala müraciət edərkən muzey salonlarından fərqli olaraq daha bir imkan – kənar gözdən qorumaq üçün muzey kol­lek­si­ya­larının ehtiyat otaq­la­rında saxlanılan zəngin bədii yaradıcılıq qatlarına varmaq, ən müxtəlif sənət əsərlərini görmək, duymaq, qavramaq imkanı yaradılıb.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış elektron məlumat bazasına daxil edilən əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında sərgilənən rəngkarlıq, heykəl­ta­raş­lıq, qrafika, tətbiqi sənət və teatr dekorasiya sənətinin 12 min əsərlik yaradıcılıq kollek­si­ya­sından seçilib. Bu baxımdan, virtual informasiya resursu Azərbaycan milli rəssamlıq məktəbinin dünyaşöhrətli korifeyləri ilə yeni, lakin güclü gənc nəslini bir araya gətirmiş misilsiz sənət toplusudur. Burada Azərbaycanın görkəmli rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Fərhad Xəlilov, Ömər Eldarov, Natiq Əliyev, Salxab Məmmədov, Fuad Salayev, Sakit Məmmədov, Arif Əzizov, Xanlar Əhmədov və onlarla başqa məşhur rəssamlarımızla yanaşı, yaradıcılığı geniş ictimaiyyətə bir o qədər də tanış olmayan, amma son dərəcə böyük istedada malik rəs­samların əsərlərinin yalnız bir qismi öz əksini tapıb.

Portalın hazırlanmasında Əməkdar rəssam İrina Eldarova dizayner, sənətşünaslar Aytən Muradlı və Sənan Şəfizadə elmi məsləhətçi, Adil Yusif, Mirnaib Həsənov fotoqraf, Şamxal Əbilov layihə kuratoru, Aliyə Səfərova redaktor, İlahə Azməmmədova keyfiyyət nəzarətçisi, Kərim Kərimli, Elcan Orucov, Dilara Felzer tərcüməçi, Kəmalə Quluzadə koordinator, Elçin Aşurov dizayner, Sahil Balazadə proqramçı, Toğrul Rəhimli kontent meneceri qismində iştirak ediblər. Elektron məlumat bazasına qeyd olunan link vasitəsilə daxil olmaq mümkündür – https://az-art.gallery/