ADMİU-nun “Musiqi terapiyası” layihəsinin ilk tədbiri keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  tətbiq olunan yeni “Musiqi terapiyası” layihəsinin ilk tədbiri Bakı Reabilitasiya Mərkəzində  əlilliyi olan şəxslərin psixoloji rifah halının yüksəldilməsi və onların sosiallaşmasına dəstək olmaq məqsədilə keçirilib.

Konsertdə  ADMİU-da “Musiqi terapiyası” fənnini tədris edən Aysel Əzizova və Bakı Reabilitasiya Mərkəzinin rəhbəri Vüsalə Kazımova giriş sözü ilə çıxış ediblər. Daha sonra  ADMİU-nun “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının tələbələrindən ibarət “Arazbarı” ansamblı (Paşazadə Cabbar, Məmmədli Məmməd, Əhmədova Gülxanım, Səmədov Kamran, Hüseynov Orxan, Əliyev Hüseyn və Əliyev Rəşair) və xanəndə Abbasova Səbinə zövqoxşayan proqramla çıxış ediblər. Konsertdə səslənən “Mənim Azərbaycanım”, “Xudayar təsnifi”, “Küçələrə su səpmişəm”, “Fəridəm”, “Külək”, “Gilənar”, “Uzundərə” kimi xalq musiqisi nümunələri Mərkəzin sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Musiqi terapiyası” fənni 2024-2025-ci tədris ilindən etibarən ADMİU-nun bakalavr dərəcəsində musiqi sənəti ixtisasları üzrə təhsil alan tələbələrin tədris proqramına daxil edilib. Burada əsas məqsəd gələcəkdə beynəlxalq standartlara əsaslanan musiqi terapiyası ixtisasının tədrisi və bu ixtisas üzrə mütəxəssislərin yetişdirilməsindən ibarətdir.