AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ KİTAB HƏDİYYƏSİ
Universitetdə təhsilalanların tədris nəşrlərinə olan tələbatının təmin edilməsində kitabxana fondunun dərslik və dərs vəsaitləri ilə komplektləşdirilməsi xüsusi aktuallığa malikdir. ADMİU-nun Operator sənəti ixtisası üzrə kadr hazırlığı prosesində “Fotokompozisiya” fənninin tədrisi vacib əhəmiyyət kəsb edir. Bu baxımdan, ADMİU Elmi Şurasının 5 iyul 2019-cu il tarixli qərarına əsasən Əməkdar incəsənət xadimləri Rəfail Qəmbərov və Amin Novruzovun həmmüəllifliyi ilə çap olunmuş “Fotokompozisiya” adlı dərs vəsaiti mühüm mənbədir. Oxucu tələbatı nəzərə alınaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə vəsait 2025-ci ildə yenidən çapdan çıxmışdır. Kitab foto sənəti və bu sahənin Azərbaycanda keçdiyi tarixi inkişaf yolunu əks etdirən 9 fəsildən ibarətdir.
“Fotokompozisiya” adlı nəşrdə ölkə fotoqraflarının müxtəlif nəsillərinin, habelə dünyanın tanınmış sənətkarlarının çəkmiş olduğu dəyərli fotoəsərlərin reproduksiyaları fotokompozisiyanın öyrənilməsində izahedici vasitə kimi təqdim olunub. Habelə, kino sənəti, operator sənəti, rəssamlıq, kinooperatorun və rəssamın birgə işi, fotonun onlarla bağlılığı, işıq effektləri və s. mövzular haqqında nəşrdə oxuculara ətraflı məlumat verilir.
Kitabda ilk dəfə olaraq fotoqrafiya sahəsinə aid terminlərin rusca-azərbaycanca lüğəti tərtib olunub. Kino mütəxəssisləri, tələbələr, professor-müəllim heyəti, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş ixtisasyönümlü nəşrləri mütəmadi olaraq universitetimizə hədiyyə edən Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə minnətdarlığımızı bildiririk.